Hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu barədə Amerikanın Səsinə hüquqşünas Günay İsmayılova deyib.
Onun sözlərinə görə yaxın günlərdə Rəsul Cəfərov ittiham aktı ilə tanış olacaq.
"Rəsul Cəfərova qarşı ilkin ittihamlar QHT-lərin işi üzrə irəli sürülsə də, sonradan onun cinayət işi ayrılıb və əlavə ittihamlar irəli sürülüb. Rəsul Cəfərov cinayət işi materialları ilə tanış olduqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək”, Günay İsmayılova əlavə edib
Ona qarşı Cinayət Məcəlləsinin 313 və 179.3.2-ci maddələri (vəzifə saxtakarlığı və mənimsəmə" ilə yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar üzrə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.
“Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb.
Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.