Jurnalistin yaxınları ilə ünsiyyətinə qadağa qoyulub

Rauf Mirqədirov

Rauf Mirqədrov Ermənistanın xeyrinə casusluqda ittiham olunur
Vəkillər Fuad Ağayev və Elmar Süleymanov mayın 12-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirova baş çəkiblər.

“O, özünü yaxşı hiss edir, səhhəti ilə bağlı şikayəti yoxdur. Lakin ona əvvəlki kimi müstəqil və müxalif mətbuatı vermirlər. Bundan başqa, ona indiyədək qohumları və yaxınları ilə ünsiyyət imkanı yaratmaqdan imtina edirlər”, deyə Ağayev bildirib.

Bu imtinanın nə ilə əlaqədar olması barədə suala cavabda vəkil qeyd edib ki, müstəntiq İbrahim Ləmbəranski öz sərəncamı ilə bu əlaqələri qadağan edib. “Qanuna görə, Rauf Mirqədirovun yaxınları ilə müntəzəm ünsiyyət, telefon danışıqları və mətbuat almaq hüququ var. Buna görə bu qadağalar tamamilə əsassızdır”, deyə vəkil qeyd edib.

Ağayev təsdiq edib ki, Rauf Mirqədirov əvvəlki kimi ifadə verməkdən imtina edir, baxmayaraq ki, həbsindən (19 aprel) və ittiham irəli sürüldükdən sonra dindirmə olmayıb və faktiki olaraq istintaq aparılmır. Vəkil bu vəziyyətin nə qədər davam edəcəyini bilmir.

Xatırladaq ki, jurnalist 2008-2009-cu illərdə Ermənistan vətəndaş cəmiyyəti fəalı Laura Baqdasaryan vasitəsilə ermənilərə məxfi məlumatlar ötürməkdə ittiham olunur. Bu sirlərin nədən ibarət olduğu bildirilmir.

İstintaqın iddiasına görə, bütün bu “kriminal” Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutunun Laura Baqdasaryanın QHT-si ilə birgə həyata keçirdiyi layihələr çərçivəsində baş verib.