Accessibility links

İlham Əliyev: Azərbaycan və Fransa münasibətləri yüksək səviyyədədir


Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Oland
Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Oland

Azərbaycan və Fransa prezidentləri danışıqlar aparıb. Fransua Oland müxalifət liderləri, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə də görüşüb

Mayın 12-də Fransa prezidenti Fransua Olandın Azərbaycana səfəri davam edib.

İki ölkə prezidentləri əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirib. İlham Əliyev və Fransua Olandın iştirakı ilə Azərbaycan-Fransa biznes forumu olub.

Fransa prezidenti həmçinin Azərbaycanın müxalifət liderləri, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüş keçirib.

Səfərin yekunu olaraq Azərbaycan-Fransa arasında 7 sənəd imzalanıb.

İlk olaraq iki ölkə prezidenti Birgə Bəyanat imzalayıb. Tərəflər həmçinin Azərbaycan və Fransa Kənd Təsərrüfatı, Nəqliyyat və Energetika nazirlikləri arasında əməkdaşlıq haqqında saziş, iki ölkənin təhsil qurumları arasında niyyət məktubu, Azərbaycan Elmin İnkişaf Fondu və Fransanın müvafiq qurumu arasında əməkdaşlıq sənədləri imzalayıb.

Sənədlərin imzalandıqdan sonra Azərbaycan və Fransa prezidentləri mətbuat konfransı keçirib. Müstəqil və müxalifət mətbuatı tədbirlərə dəvət olunmayıb.

Fransa mediasının məlumatına görə, prezidentlərə həbsdə olan jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi Leyla Yunusun təqib olunması barədə suallar verilib.

“Mən həmişə insan hüquqları mövzusuna toxunuram və bu, xüsusilə də Fransanı, Fransa xalqını maraqlandıran bir məsələdir”, Olland deyib. O qeyd edib ki, prezident İlham Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə aparıblar.

Prezident İ.Əliyev bu suala, - “insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir”, cavabını verib.

“Siyasi islahatlar bizim üçün çox vacibdir, çünki biz ölkəmizi müasirləşdiririk, müasir, güclü Azərbaycan qururuq və Fransa kimi demokratiyanın böyük ənənələri olan ölkə ilə bu məsələlərdə daim bir yerdəyik, müzakirələr aparılır", Əliyev qeyd edib.

Daha sonra Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikrini bildirib. Onun sözlərinə görə, Avropa, Fransa ölkənin ərazi bütövlüyünü daim yüksək qiymətləndirir və onu dəstəkləyir. “Biz mövcud münaqişələrin danışıqlar yolu ilə həll edilməsinə cəhd göstəririk. Bu, eyni zamanda Qafqaz səfərimin əsas məqsədidir", - o vurğulayıb.

“ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın da üzərinə böyük məsuliyyət düşür. Biz də bu münaqişənin həlli, eyni zamanda, etimadın bərpa edilməsi üçün öz tərəfimizdən müəyyən səylər göstərməliyik", - Olland bildirib.

Energetika məsələsinə toxunan Olland deyib ki, İ.Əliyevlə görüşdə Fransa şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində iştirakı məsələsinə toxunulub.

Öz növbəsində İ.Əliyev bildirib ki, Bakı və Paris arasında münasibətlər yüksək səviyyədədir. Eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər gözəl dialoqa nümunədir.

“Avropa İttifaqı ilə siyasi-iqtisadi əlaqələrimiz var.
Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa İttifaqı tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq”, Əliyev bildirib.
XS
SM
MD
LG