Rauf Mirqədirovun həyat yoldaşı 5 saatadək dindirilib (yenilənib)

Rauf Mirqədirov

Mayın 4-də jurnalistin həyat yoldaşının Ankarada yaşadığı evdə axtarış aparılıb. Bundan sonra Adilə Babaxanova dindirilib
Turan agentliyi bildirir ki, mayın 4-də jurnalistin həyat yoldaşı Adilə Babaxanova Azərbaycanın Ankaradakı səfirliyinin binasında Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqləri tərəfinədn 5 saata yaxın dindirilib. Onun vəkili olmayıb. Bütün bu müddətdə azyaşlı qızı onun yanında olub.

Babaxanova dindirilmə protokollarını imzalamaqdan imtina edərək ona vəkil verilməsini tələb edib.

***
Mayın 4-də günorta saatlarında Türkiyənin xüsusi xidmət orqanları Azərbaycanda həbs edilən jurnalist Rauf Mirqədirovun həyat yoldaşı və uşaqlarının Ankarada yaşadığı evdə axtarış aparıb.

Jurnalistin həyat yoldaşı Adilə Babaxanova Turan agentliyinə bildirib ki, mənzilə 11 nəfər gəlib. Ona deyiblər ki, axtarış Azərbaycan hakimiyyətinin sorğusuna əsasən aparılır.

Axtarış zamanı bir sıra sənədlər və elektron daşıyıcılar, o cümlədən jurnalistin qızının planşeti götürülüb. Bundan sonra Azərbaycan səfirliyinin nümayəndəsi mənzilə gəlib və jurnalistin xanımını sorğu-sual edib.

Xatırladaq ki, Ermənistanın xeyrinə casusluqda ittiham edilən "Ayna-Zerkalo" qəzetinin şərhçisi Rauf Mirqədirov Türliyədə saxlanıb və aprelin 19-da təyyarə ilə Bakıya göndərilib. O Bakı hava limanında həbs edilib.

Mirqədirovun xanımı və iki uşağı Türkiyədə qalıb. Son üç ildə jurnalist ailəsi ilə bu ölkədə yaşayırdı.