Accessibility links

Elçin Şıxlı: Hakimiyyət istəyir ki, qəzetlər qrant şəklində sədəqədən asılı olsunlar


Elçin Şıxlı
Elçin Şıxlı

"Zerkalo" qəzeti həftəliyə keçir

“Zerkalo” qəzeti formatını dəyişərək həftəliyə keçir.

Bu barədə ötən gün qəzetin redaktoru Elçin Şıxlı oxuculara müraciətdə bildirib.

Bu qərarın səbəblərini açıqlayan redaktor Rauf Mirqədirovun həbsi ilə səbr kasasının daşdığını qeyd edib.

“Belə vəziyyət yaranıb ki, qəzet klassik anlamda informasiya daşıyıcısı kimi elektron KİV-dən geri qalır. Qəzet təcrübədən asılı olmayaraq, nə radio, nə TV, nə də İnternetlə rəqabət apara bilmədi. Lakin inkişafdan da qalmadı, tədricən ciddi analitika, jurnalist araşdırmaları və keyfiyyətli yazılar üçün məkana çevrildi.

Bəli, bu meydança o dərəcədə liberal və demokratik deyildi ki, “xalq jurnalistikası”ndan yazılara yer versin. Bu meydança əsasən FİKİR-in buraxıldığı məkan olub. FİKİR və onun daşıyıcıları isə özləri haqda həqiqətlə maraqlanmayan şəxslərlə o qədər də yaxşı münasibətdə olmayıb.

Mən hər zaman qəzet işini biznes kimi qəbul etmişəm. Lakin bu biznes spesifikdir. Burada “al-sat” prinsipi hər zaman işə yaramır. Bu biznesin ruhu var. Və zaman keçdikcə mən bunu daha çox anladım. Hazırda qəzet işində biznes praktik olaraq sıxışdırılıb. Səbəblər sadədir: siyasət iqtisadiyyatı basıb keçəndə bizneslə, üstəlik qəzet işi kimi spesifik bizneslə məşğul olmaq mümkün olmur. Ən azı, o, həm iqtisadi, həm də peşə baxımından perspektiv görünmür.

Son vaxtlar mən qəzeti başqalarına sataraq öz həyatımı təmin etmək üçün buraxmıram. Mən bunu qürurdan edirəm, çünki mən jurnalistəm. Jurnalistika isə məni öldürdüyü qədər də ölməyə qoymur”, - E.Şıxlı yazır.

E.Şıxlı Azərbaycan Jurnalistlər İttifaqına rəhbərlik edir, “Zerkalo” isə 20 ildir ki, aparıcı, tirajlı rusdilli qəzetdir.

Bu gün qəzet biznesində əsas maneə hakimiyyət tərəfindən reklam bazarının inhisara alınmasıdır, kimə və nə zaman reklam vermək məsələsini hakimiyyət “tənzimləyir”. Qəzet hakimiyyətin fikrini nə qədər çox əks etdirərsə, o qədər çox reklam əldə edər. Nəşr müstəqildirsə, reklamı və demək ki, gəliri də azdır.

Qəzetlərin satışından daxil olan gəlirə gəlincə, hakimiyyət bununla bağlı çoxlu məhdudiyyətlər düşünüb: qəzetlərin özlərinə yayımla məşğul olmağa imkan verilmir və əgər kimsə öz qəzetini satmağa cəhd edərsə polis tərəfindən bunun qarşısı alınır.

Hakimiyyət istəyir ki, qəzetlər qrant şəklində sədəqədən asılı olsunlar. Əgər nəşr özünü “düzgün” apararsa qrant alacaq, yox, deməli almayacaq. Azərbaycan hökumətinin dilində bu, KİV-ə qayğı və söz azadlığı adlanır.
XS
SM
MD
LG