Jurnalistin döyülərək öldürülməsi beynəlxalq və yerli ictimaiyyətin kəskin etirazına səbəb olub (bəyanatlar)

Rasim Əliyev

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitunun (RATİ) rəhbəri, ANN internet portalının əməkdaşı Rasim Əliyevin döyülərək ağır xəsarətlərlə xəstəxanada ölümü beynəlxalq və yerli ictimaiyyətin geniş reaksiyasına səbəb olub.

Beynəlxalq mətbuata dəstək təşkilatı - İMS Rasim Əliyevin ölümünü pisləyən bəyanatla çıxış edib.

Son 10 ildə ölkədə jurnalistlərə 300-dən çox hücum olub. Son ildə 7 jurnalist və 5 hüquq müdafiəçisi həbs olunub. Bu siyahı artmaqda davam edir.

Beynəlxalq mətbuata dəstək təşkilatı - İMS

Avqustun 8-də Facebook-dakı yazısına görə naməlum şəxslərin hücumuna məruz qalan R.Əliyev bir gündən sonra ölüb.

Azərbaycanda jurnalistlərə hücuma görə cəzasızlıq atmosferi cinayətlərin üstünü açılmaz edir. Bu, yeni cinayətlərə sövq edir. Eyni zamanda bu cür vəziyyət ifadə azadlığına mənfi təsir göstərir.

Son 10 ildə ölkədə jurnalistlərə 300-dən çox hücum olub. Son ildə 7 jurnalist və 5 hüquq müdafiəçisi həbs olunub. Bu siyahı artmaqda davam edir.

“Hakimiyyət jurnalistlərə qarşı cəzasız qalan cinayətlərə, zorakılığa son qoymalıdır. R.Əliyevin vaxtsız ölümü Azərbaycanda ifadə azadlığının ağır vəziyyətdə olduğunu, jurnalist və hüquq müdafiəçilərinin qoruma mexanizminin yaradılmasının vacibliyini xatırladır.

IMS baş verənlərdən sarsılaraq Rasim Əliyevin yaxınlarına və həmkarlarına başsağlığı verir”, - bəyanatda deyilir.

IMS münaqişələrin aradan qaldırılması, demokratiyanın gücləndirilməsi və dialoqun qurulması işində mediaya dəstək göstərən qeyri-hökumət təşkilatıdır.

***

Avropa Jurnalistlər Federasiyasi və Beynəlxalq Jurnalistlər Federasiyası Rasim Əliyevin ölümündən dərin sarsılıblar.

Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinə qarşı zorakılıq aktları üçün cəzasızlıq mühiti hökm sürür, ağır cinayətlər cəzasız qalır.

Moqnes Bliçer

“Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinə qarşı zorakılıq aktları üçün cəzasızlıq mühiti hökm sürür, ağır cinayətlər cəzasız qalır. Jurnalistlər, hər bir vətəndaş, Azərbaycanda heç bir təhdid olmadan öz sosial şəbəkələrində fikir, şərh bölüşməsi üçün sərbəst olmalıdır”, Avropa Jurnalistlər Federasiyasının prezidenti Moqens Bliçer bildirib.

Bəyanatda həmçinin jurnalistlərə qarşı daimi təzyiqlərin dayandırılmasına və onların azad edilməsinə çağırılır.

***

AXCP sədri Əli Kərimli jurnalist Rasim Əliyevin ölümünə növbəti dəfə münasibət bildirərək, bu itkiyə görə bərbad səhiyyə sisteminin də günahkar olduğunu qeyd edib. O, şəxsi facebook səhifəsində yazıb.

Ölkədəki özbaşınalıq, cəzasızlıq mühüti durdurulmasa, cinayətkar səhiyyə sistemi köklü islahata məcbur edilməsə, təəssüf ki, hələ çox analar, atalar, nişanlılar, bacılar, qardaşlar, övladlar gözü yaşlı qalacaq.

Əli Kərimli

“Ölkədə hüquq sistemi elə məhv edilib ki, hakimiyyətlə yaxın əlaqələri, yaxud sadəcə çoxlu pulu olan istənilən şəxs sadə adamları döyüb, maşınla vurub, öldürə və qanını batıra bilir. Çox dəhşətlidir, amma reallıqdır. Bu baxımdan jurnalist Rasim Əliyevin qanının tam batırıla bilməməsi, cinayətkarlardan birinin həbs olunması onun jurnalist dostlarının, sosial şəbəkə fəallarının, bütövlükdə cəmiyyətin çox kiçik də olsa, təsəllisidir.

Rasim Əliyevi vəhşicəsinə döymüş şəxslər qudurğanlıq ediblər, ölkədəki cəzasızlıq mühitindən sui-istifadə edərək ağır cinayət törədiblər və şübhəsiz ki, qanuni cəzalarını almalıdırlar. Bununla belə biz cəmiyyət olaraq, axıra qədər obyektiv olmalıyıq. Rasimin döyüldükdən sonra verdiyi müsahibəyə baxın. Onun vəziyyəti ölümcül olmayıb. Onu xilas etmək mümkün idi, Rasim ölməyə bilərdi. Jurnalistin əsl qatili səhiyyə sistemi olub. O səhiyyə sistemi ki, pulu, sahibi olmayan xəstəyə ölsə də yaxın durmur, əməliyyat etmir. O səhiyyə sistemi ki, müayinələri, dərmanları, cərrahi əməliyyatları elə bahalıdır ki, 100 minlərlə xəstə müalicə olunmaq üçün qonşu ölkələrə üz tutur, daha imkansız xəstələr isə sakitcə ölümlərini gözləyirlər. İnsan həyatının keşiyində durmalı olan səhiyyə sistemi hazırda insan həyatını ən çox məhv edən instituta çevrilib.

Dostlar, Rasimin ölümünə görə bir və ya bir neçə nəfər icraçının həbs olunması çox şeyi dəyişməyəcək. Ölkədəki qudurğanlıq, özbaşınalıq, cəzasızlıq mühüti durdurulmasa, cinayətkar səhiyyə sistemi (diqqət edin, söhbət həkimlərdən yox, səhiyyə sistemindən - idarəetmədən gedir) köklü islahata məcbur edilməsə, təəssüf ki, hələ çox analar, atalar, nişanlılar, bacılar, qardaşlar, övladlar gözü yaşlı qalacaq. Bədbəxtlik növbəsi hər birimizə çatmadan, Vətəndaş olmağa tələsmək lazımdır!”

***

Reportyorlasın Azadlıq və Təhlükəsizlik İnstitu bu təşkilatın nümayəndəsi və İdarə Heyyətinin üzvü Rasim Əliyevin faciəvi şəkildə öldürülməsindən şokdadır. RATİ bu ağır itki ilə bağlı Rasim Əliyevin ailə üzvlərinə, dostlarına, yaxınlarına və həmkarlarına dərin hüznlə baş sağlığı verir. RATİ baş vermiş bu qətl hadisəsini hakimiyyətin vətəndaş cəmiyyətinin və fərqli düşüncənin məhv edilməsinə yönəlmiş məqsədyönlü repressiv siyasətinin nəticəsi kimi dəyərləndirir.

RATİ Azərbaycan hakimiyyətini Rasim Əliyev, Elmar Hüseynov, Rafiq Tagi və Novruzəli Məmmədova qarşı qəsd edənlərin və bu qəsdi sifariş edənləri məsuliyyətə cəlb etməyə çağırır. RATİ Azərbaycan hakmimiyyətini həbsdə olan bütün vicdan məhbuslarını, o cümlədən həyatı təhlükə altında olan jurnalistlər və hüquq müdafiəçilərini azad etməyə çağırır.

R.Əliyev 2015-ci il avqust ayının 8-də qəsd məqsədilə naməlum şəxslər tərəfindən ölümcül döyülmüş və bir neçə saat sonra xəstəxanada həkimlərin məqsədli şəkildə ona lazımı tibbi yardımı göstərmədiklərinə görə dünyasını dəyişib. Həkimlər vaxtında yaralı jurnalisti müayinə edib, diaqnozunu dəqiqləşdirərək lazımı yardımı göstərməklə rahatlıqla onun həyatını xilas edə bilərdilər. Amma, ciddi zədələr almış jurnalistin obyetkiv diaqnozunu təyin edərək, reanimasiya şöbəsində ciddi həkim nəzarətinə götürülməsindən imtina edilib.

Jurnaslit və hüquq müdafiəçisi R.Əliyevin ölümü RATİ, o cümlədən insan hüquqlarının müdafiəsinə fokuslanmış “Obyektiv” TV onlayn televiziyasının fəaliyyətinin hakimiyyət tərəfindən dayandırılması ilə eyni günə təsadüf edir. 2014-cü ildə məhz avqust ayının 8-də hüquq mühafizə orqanlarının əməkdaşları RATİ və “Obyektiv” TV-nin bütün əmlakını və sənədlərini müsadirə etmiş, ofisin qapısını möhürləmişdilər. Elə həmin gün hüquq mühafizə orqanları əməkdaşları RATİ-nin həmin zaman sədri olmuş təsisçisi Emin Hüseynovu da həbs etmək istəmişdilər.

Hakimiyyətin görünməmiş təzyiqləri nəticəsində faktiki olaraq fəaliyyəti iflic edimiş, keçmiş sədr Emin Hüseynovun İsveçrə səfirliyinə sığınmağa məcbur olduğu, bir sözlə təşkilatın ən ağır dönəmində Rasim Əliyev RATİ-yə rəhbərlik etməyi öz üzərinə götürmüşdü.

Rasim Əliyev qətli Azərbaycanda insan hüquqlarının vəziyyətinin əzici və dözülməz vəziyyətdə olmasının fonunda baş verib. Ötən ilin ortalarından etibarən, hakimiyyət bütün müstəqil QHT-lərin fəaliyyətini dayandırıb, onların mülkiyyətinə əl qoyub, hökuməti tənqid edən hüquq müdafiəçiləri və jurnalistlər isə barmaqlıqlar arxasına atılıb.

Son 10 il ərzində Azərbaycanda qətlə yetirilən Elmar Hüseynov, Rafiq Tağı, Novruzəli Məmmədov, Alim Kazımov da daxil olmaqla bütün jurnalistlərin qətillərinin üstü açılmayıb. Əksinə, hüquq mühafizə orqanları baş vermiş qətillərin icraçıları və sifarışçilərinin aşkarlanması üçün obyektiv araşdırmaya maneçilik törədib.

Bu gün Azərbaycan böyük bir həbsxanaya çevrilib ki, burada fərqli düşünən insanlar hətta həbsdə olmasalar belə, hər an şərlənərək həbs edilmək və öldurulə biləcəkləri hədənin höküm sürdüyü atmosferdə yaşamağa məcburdurlar.

RATİ Rasim Əliyevinin ölümndə ölkədə tənqidə səbirsizlik şəraitini tam bərqərar etmiş hakimiyyətin məsuliyyət daşıdığını bəyan edir.

RATİ Azərbaycanda insan haqlarının durumunun fəlakətli vəziyyətdə olmasına görə hakim rejimi gunahkar hesab etsə də, ele bu hakimiyyəti nəhayət ki, öz tənqidçilərinə qarşı qəddar və dözülməz repressiyalara son qoymağa çağırır. RATİ Azərbaycan hakimiyyətini Rasim Əliyev, Elmar Hüseynov, Rafiq Tagi və Novruzəli Məmmədova qarşı qəsd edənlərin və bu qəsdi sifariş edənləri məsuliyyətə cəlb etməyə çağırır. RATİ Azərbaycan hakmimiyyətini həbsdə olan bütün vicdan məhbuslarını, o cümlədən həyatı təhlükə altında olan jurnalistlər və hüquq müdafiəçilərini azad etməyə çağırır.

RATİ həmçinin BMT, Avropa Şurası, ATƏT və Avropa Birliyininə üzünü tutaraq repressiya qurbanlarına prinsipal dəstək olmağı, Azərbaycan hakimiyyətinə insan haqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhbəliklərə məsuliyyətə yanaşmağı və bu öhdəlikləri yerinə yetirməyə çağırış etməyə səsləyir.

***

Avropa Şurasının baş katibi Torbyörn Yaqland jurnalist Rasim Əliyevin ölümünü pisləyən bəyanatla çıxış edib.

Baş katib jurnalistin qətlindən sarsıldığını bildirir.

Bu, ölkədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir.

Torbyörn Yaqland

“Bu, ölkədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir. Azərbaycan hakimiyyətini bu qətli hərtərəfli və sürətlə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıram”.

Onu fikrincə, bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz.

“Vətəndaş cəmiyyəti və hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalı və gərəkən hər bir şey həyata keçirilməlidir”, Yaqlnad qeyd edib.

***

Hazırda Belçikada yaşayan keçmiş səfir Arif Məmmədov «Ağ Marşı» adlı yürüş keçirməyi təklif edib.

Avqustun 15-də Şəhidlər Xiyabanından Bakı bulvarına kimi yürüş keçirsin. Yürüşə gələnlər ağ geyimdə olub ağ şarlar götürməlidir.

Arif Məmmədov

O, özünün Facebook səhifəsində təklif edir ki, ziyalılar, media nümayəndələri, müxalifət partiyaları demokratiyanın müdafiəsi məqsədilə avqustun 15-də Şəhidlər Xiyabanından Bakı bulvarına kimi yürüş keçirsin. Yürüşə gələnlər ağ geyimdə olub, ağ şarlar götürməlidir.

Arif Məmmədov bildirir ki, partiyaların gənclər təşkilatlarına birlik mesajı verməsi ən vacib məsələdir.

***

Mətbuat Şurasının sədri Əflatun Amaşov APA agentliyinə bildirib ki, jurnalist Rasim Əliyevin döyülərək dünyasını dəyişməsinin baiskarları mütləq surətdə cəzalarını alacaq.

Azərbaycan prezidentinin məsələyə münasibəti həm də cəmiyyəti azad sözə, plüralist fikrə daha diqqətli, həssas və dözümlü olmağa çağırışdır.

Əflatun Amaşov

“Bunun yaxın günlərdə şahidi olacağıq. Həmin istiqamətdə müvafiq qurumlara göstərişlər verilib. Jurnalistin ölümündə təqsiri olanların tapılması ölkə rəhbərinin şəxsi nəzarəti altında davam etdirilir”.

Ə. Amaşov bildirib ki, Mətbuat Şurası Azərbaycan prezidenti İlham Əliyevin jurnalist R. Əliyevin ölümü ilə bağlı məsələyə yanaşmasını yüksək qiymətləndirib.

“Bu, ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir”.

Şura sədri qeyd edib ki, Azərbaycan prezidentinin məsələyə münasibəti həm də cəmiyyəti azad sözə, plüralist fikrə daha diqqətli, həssas və dözümlü olmağa çağırışdır.

“Vəzifəsindən, peşəsindən, mövqeyindən asılı olmayaraq bu prinsipin qorunması hər bir şəxsin ümdə vəzifəsi olmalıdır. Cənab prezident bununla bir daha göstərdi ki, jurnalistlərin yaxın dostudur və həmişə, hər zaman həmkarlarımızın yanındadır”.