Accessibility links

Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi jurnalistin ölümü ilə bağlı hökumətə müraciət edib


Rasim Əliyevlə bağlı mətbuat konfransı
Rasim Əliyevlə bağlı mətbuat konfransı

Avqustun 10-da Helsinki Vətəndaş Assambleyasının ofisində Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin üzvləri fiziki zorakılıq nəticəsində avqustun 9-da xəstəxanada vəfat etmiş jurnalist Rasim Əliyevlə bağlı vətəndaş cəmiyyətinin hökumətə müraciətini müzakirə edilib.

Müzakirələrdə jurnalistlərə qarşı zorakılıqların ölkədə hökm sürən cəzasızlıq mühitindən qaynaqlandığı vurğulanıb.

“Azərbaycan hakimiyəti azad medianı, jurnalistlərin təhlükəsiz şəraitdə işləməsini müdafiə etdiyini bəyan edir. Jurnalist Rasim Əliyevin döyülərək xəstəxanada vəfat etməsi hakimiyyətin öz maraqlarını müdafiə edə bilməməsinin sübutudur. Bu günlərdə jurnalist Tapdıq Fərhadoğlu və digər jurnalistlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında zorakılığa məruz qalıb, amma hələ də rəsmi orqanların reaksiyası yoxdur”, Turan agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

Azərbaycanda jurnalistlərə qarşı olan cinayətlərin cəmi 2-3 faizi açılıb. “Bu cinayətləri isə əsasən jurnalistlərin özləri açıb”, o qeyd edib.

Müzakirələrdə hətta prezidentin jurnalistin öldürülməsinə kəskin reaksiya verməsinə baxmayaraq, dəfn mərasimində Prezident Administrasiyasının nümayəndəsinin, Mətbuat Şurasının üzvlərinin iştirak etməməsi kəskin pislənib.

Jurnalistin ölümü ilə bağlı siyasi qətl, hakimiyətdaxili qruplaşmaların mübarizəsi və kriminal hadisə kimi versiyalar irəli sürülüb.

“Bu rejimin cinayətidir. Biz sona qədər mübarizə aparmalıyıq ki, Elmar Hüseynovun, Rafiq Tağının, Rasim Əliyevin qatilləri və sifarişçilər cəzalandırılsın. Biz Rafiq Tağını və Rasim Əliyevi öldürən səhiyyə sisteminə qarşı sonadək mübarizə aparmalıyıq”, jurnalist Xaliq Bahadır qeyd edib.

İdman Azərbaycanda siyasi şouya çevrilib. Eyni zamanda, ölkədə elə şərait yaradılıb ki, hər gün nə isə bir hadisə baş verir.

“Etdiyi cinayətə görə insanlar cəzalandırılmır. Bununla hökumət göstərir ki, nə istəsə edə bilər. Biz elə etməliyik ki, Rasim Əliyevin qətli ilə bağlı cinayət işinin taleyi Elmar Hüseynovun qətli ilə bağlı cinayət işinin taleyi kimi olmasın”, Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva qeyd edib.

Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi müzakirələrin yekunu olaraq hökumətə müraciət qəbul edib.

Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi 2009-cu ildə təsis edilib.

XS
SM
MD
LG