Rafiq Tağının doğmaları həkimləri məhkəməyə verəcəklər

  • Amerikanın səsi

Rafiq Tağının doğmaları həkimləri məhkəməyə verəcəklər

Publisist Rafiq Tağının ailəsi səhiyyə nazirini və 1 saylı şəhər klinik mərkəzinin həkimlərini məhkəməyə verəcək. Tağı noyabrın 19-da çoxsaylı bıçaq yarası alması ilə əlaqədar cərrahi əməliyyat olduqdan sonra noyabrın 24-də adı çəkilən xəstəxanada dünyasını dəyişib.

Doğmaları hesab edirlər ki, Tağı tibbi heyətin biganə münasibəti, müalicənin səhv aparılması və vaxtından əvvəl reanimasiyadan palataya keçirilməsi nəticəsində vəfat edib. Ailəsi səhiyyə naziri Oqtay Şirəliyevi, 1 saylı şəhər klinik mərkəzinin baş həkimini, Tağını əməliyyat və müalicə etmiş həkimləri cavabdeh qismində cəlb etməyi planlaşdırır.

Mərhumun ailəsi həmçinin hesab edir ki, Tağının cəsədindən alınmış nümunələr xaricdən dəvət olunmuş müstəqil ekspertlər tərəfindən müayinə olunmalıdır. Çünki Tağının doğmaları azərbaycanlı ekspertlərə etibar etmir. Onlar həmçinin noyabrın 19-da publisistə qarşı törədilmiş sui-qəsdin araşdırılması üçün xaricdən kriminalist ekspertlərin dəvət edilməsini zəruri sayırlar.

Yazıçının ailəsi həmçinin bu yerdə (Bakı Şəhər Baş Polis İdarəsinin iki addımlığında) hadisədən bir gün əvvəl videomüşahidə kamerasının söndürülməsinin səbəblərini aydınlaşdırmağı tələb edirlər. Tağının ailə üzvləri özlərini təhlükədə hiss edirlər və bununla əlaqədar olaraq yaxın günlərdə sığınacaq verilməsi xahişi ilə Qərb səfirliklərindən birinə müraciət etmək niyyətindədirlər.

Tağıya qarşı sui-qəsddən bir həftə keçməsinə baxmayaraq, hüquq-mühafizə orqanları heç kimi saxlamayıb və cinayətin mümkün versiyaları ilə bağlı şərh vermirlər.