Jurnalistləri Müdafiə komitəsi senzuranın ən ciddi tətbiq edildiyi 10 ölkəni göstərib

  • Amerikanın səsi
Komitənin direktoru Coel Simon Amerikanın səsinə müsahibədə bu ölkələrdə mətbuatın durumunu şərh edib

Mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı günü ərəfəsində Jurnalistləri Müdafiə komitəsinin direktoru Ceol Simon Amerikanın səsinə təşkilatın yeni hesabatı ilə bağlı müsahibə verib.

Jurnalistləri Müdafiə komitəsinin hesabatında mətbuata senzuranın ən ciddi şəkildə tətbiq olunduğu 10 ölkə arasında Eritreya siyahıda birinci göstərilir.

Coel Simon:”Eritreya tamamilə qapalı bir ölkədir. Jurnalistlər oraya buraxılmır. Beynəlxalq media təşkilatlarının orada nümayəndəlikkləri yoxdur. Tam senzura tətbiq olunur. Həbs edilmiş jurnalistlər həbsxanada dünyadan təcrid olunmuş vəziyyətdə saxlanılır. Biz o jurnalistlərin bəzilərinin heç harada olduğunu belə bilmirik.”

Eritreyanın Vaşinqtondakı səfirliyi hesabatı əsassız adlandırıb.

Hesabatda mətbuata senzuranın tətbiq edildiyi ölkələr sırasında ikinci yerdə Suriya gəlir.

Joel Simon:”Suriya həmişə jurnalistlərin yaxından izləndiyi və kütləvi mətbuat vasitələrinə nəzarətin tətbiq ediliyi ölkə olub. Zorakılıqlar başlayandan bəri bu ölçülər daha da ciddiləşib.”

Coel Simon Suriya ilə yanaşı İran, Səudiyyə Ərəbistanı, Birma və Kubada da vəziyyətin eyni olduğunu deyir.

Coel Simon:”Suriya, İran, Kuba, Birma, ya da Səudiyyə Ərəbistanına baxsanız, bu, həqiqətən də belədir. Bu ölkələrin hər birində informasiya əldə etmək imkanlarına nəzarət edən rejim mövcuddur . Bu, onların repressiv stretegiyalarının bir hissəsidir.”

Coel Simon Belarusu Avropada mətbuat azadlığının boğulması baxımından ən repressiv ölkə adlandırır. “Belarusda media azadlığı haqda danışmaq mümkün deyil. Media azadlığı baxımından Belarus Avropada ən repressiv ölkədir. Burada sovet dövründən mətbuatın idarə edilməsi kimi bir irs saxlanıb. Lukaşenko medianın rolunu onun hökuməti və siyasətinə dəstək verməkdə görür, tənqidə yol verilmir. Onun hökuməti müstəqil mətbuatın qorxudulması və boğulması da daxil olmaqla bir sıra repressiv strategiyalardan istifadə edir. Belarus buna görə 10 ölkə arasında yer tutub.”

Coel Simon Səudiyyə Ərəbistanında mətbuatın vəziyyətini şərh edir. “Səudiyyə Ərəbistanı uzun zamandır qapalı cəmiyyətdir. İnternetə ikili münasibət var. İnsanların bir-biri ilə ölkədə əlaqə saxlaya bilməsi və dünyanın hər yerindən informasiya almaq imkanına malik olması, əslində ölkənin qapalı qalması səylərinə mane olur. Buna görə təzyiqlər artır. Siyasi tənqid kafirlik kimi qiymətləndirilir, dini təsisatlar və təcrübənin tənqidi isə ciddi şəkildə yatırılır. Bu standartları suala çəkən bir sıra jurnalistlər məhkəməyə cəlb edilib və hətta həbs ediliblər. Biz buna görə Səudiyyə Ərəbistanının reytinqini dəyişmək qərarında gəldik və ölkəni dünyada senzuranın ən ciddi şəkildə tətbiq edildiyi on ölkənin siyahısına saldıq.”

Coel Simon siyahıya salınmayan ABŞ və Pakistanda da mətbuatın durumu ilə bağlı fikirlərini bölüşüb. “Biz “Uol striti işğal edin” hərəkatını işıqlandıran jurnalistlərin təhqir edilib qorxudulması, hətta görünür, jurnalistlərin rolunu başa düşməyən, ya da akkreditasiya vərəqəsi üstündə olan jurnalistlərlə hadisələri çəkib sonra informasiyanı yaymağa çalışan peşəkar insanlar arasında fərqi başa düşmək istəməyən polis və hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi kimi halları qeydə almışıq. ABŞ media azadlığına gəldikdə tamamilə yəqinliklə azad və açıq ölkədir, lakin bu o demək deyil ki, bu azadlıq böyük sınaqlarla qarşılaşmaya bilər.”

Pakistanla bağlı Coel Simon Amerikanın səsinə bunu bildirib. “Pakistanda sizə senzura tətbiq edilməyəcək, amma çox uzağa getsəniz sizi öldürə bilərlər.”

Jurnalistləri Müdafiə komitəsinin yeni hesabatında göstərilən 10 ölkə ilə yanaşı, mətbuata senzuranın tətbiq edildiyi digər ölkələr arasında Azərbaycan da qeyd edilib. Hesabatda deyilir ki, ölkədə xarici, ya da müstəqil yayım şirkəti fəaliyyət göstərmir, müstəqil qəzetlər, ya da veb səhifələr üçün yazı yazan jurnalistlər qorxudulma taktikasına məruz qalaraq, həbs edilir, ya da onlara qarşı saxta ittihamlar irəli sürülür.