Pərviz Həşimli: Mənə işgəncə verirlər [İlahə Həşimli ilə müsahibə]

Jurnalist Pərviz Həşimli məhkəməyə gətirilərkən (Foto musavat.com saytınındır)

Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimli Amerikanın Səsinə müsahibə verib. “Pərviz Həşimli özünə qəsd etmək istəyib... ona işgəncə verirlər”. MTN təkzib edir
Dekabrın 13-də Səbayel Rayon Məhkəməsi jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiasını təmin etməyib. Bu barədə Amerikanın Səsinə müsahibəsində Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimli bildirib.

Your browser doesn’t support HTML5

İlahə Həşimli ilə müsahibə


Onun sözlərin görə proses başlamazdan əvvəl məhkəmə binasının qarşısında coxsaylı polis əməkdaşları olub. Polislər P.Həşimlinin yaxınlarının və jurnalistlərin ona yaxınlaşmasına imkan verməyiblər.

Pərviz Həşimli məhkəməyə əli qandallı gətirilərək Pərviz Həşimli "Mənə işgəncə verirlər!", - deyə qışqırıb. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu dərhal məhkəmə binasına salıblar.

İlahə Həşimli onu da qeyd edib ki, P.Həşimlinin işgəncələrlə bağlı qeydlərini məhkəməyə gətirməyə imkan verməyiblər, qeydlər onun əlindən alınıb. Buna vəkil E.Sadıqov etiraz edərək məhkəmə zalını tərk edib.

Öz növbəsində P.Həşimli də qeydlərinin gətirilməsinə icazə vermədikləri üçün hakimə etiraz edərək arxasını ona çevirib.

“Bu zaman Pərvizi başqa otağa keçiriblər və prosesi Pərviz və vəkil olmadan boş otaqda keçirərək qərar veriblər”, deyə İlahə Həşimli bildirib.

Jurnalistin həyat yoldaşı onu da bildirib ki, P.Həşimli ona edilən fiziki və psixoloji təzyiqlərə görə özünə bu günlərdə qəsd etmək istəyib.

“Bəzən ona elə sözlər deyilir ki, özünü xəsarət yetirmə həddinə gətirilir. Vəkili bizə bildirib ki, qayçı ilə özünə qəsd etmək istəyib və son anda MTN-in istintaq təcridxanasının əməkdaşları buna imkan verməyiblər”.

İlahə Həşimli Pərvizin işinin tezliklə yekunlaşdırılması, həyat yoldaşına qarşı fiziki, mənəvi işgənclərin dayandırılması üçün yenidən müraciət ediləcəyini bildirib.

O həmçinin Pərvizin həbsindən sonra ailəsinin maliyyə durumunun ağır olduğunu deyib. “Ailəmizin yeganə maaş alan şəxsi Pərviz idi”.

Baş verənlərlə MTN-nin Ictimai Əlaqələr Mərkəzindən şərh almaq mümkün olmayıb. İctimai Əlaqələr Mərkəzindən bir qədər sonra zəng etməyimiz məsləhət biliblər və bundan sonra dəfələrlə zəng etməyimizə baxmayaraq telefona cavab verilməyib.

Bununla yanaşı, MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA agentliyinə açıqlamasında bu məlumatların əsassız olduğunu qeyd edib.

“Bunlar əsassız, fakta söykənməyən, yalan məlumatlardır. İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir fakt qeydə alınmayıb. Bu, ümumiyyətlə, qeyri-mümkündür. Bildiyiniz kimi, Ombudsman Aparatının əməkdaşları, işgəncələrə qarşı qeyri-hökumət təşkilatlarının nümayəndələri mütəmadi olaraq Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirirlər. İndiyədək onlar tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı qeyri-qanuni hərəkətə, yaxud işgəncəyə yol verilməsi faktı qeydə alınmayıb. Bu cür məlumatların yayılması subyektivdir, müəyyən mənada istintaqa təzyiq vasitəsidir, həqiqətdən uzaqdır”, o qeyd edib.

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir.