Accessibility links

Pərviz Həşimli təcridxanada aclığa başlayıb


 Pərviz Həşimli
Pərviz Həşimli

O dözülməz saxlanma şəraitinə etiraz edir

Noyabrın 25-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli aclıq aksiyasına başlayıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, jurnalist aclığa ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi və müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılması, dövlət orqanlarına və məhkəmələrə özünün yazdığı şikayətlərinin göndərilməsi tələbi ilə başlayıb.

Vəkil Həşimlinin səhhətinin çox pis olduğunu deyib.

“Jurnalistin saxlandığı otaq havasızdır, kamerada elektrik lampalara sutka ərzində keçirilmir, otağın işıqlandırılması çox pisdir. Həşimlinin belə şəraitdə saxlanılması faktiki olaraq işgəncədir, qeyri-insani və insan ləyaqətini alçaldan rəftardır. Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər. Həyatına olan təhlükədən qorxduğu üçün yeməkləri də yeyə bilmir. Özünü çox halsız hiss edir”.

Sadıqov həmçinin Həşimli ilə görüşdən sonra onun yoxlandığını və üzərində olan qeydlərin belə zorla əlindən alındığını bildirir.

Həşimli ötən həftə istintaq təcridxanasının rəisinə aclığa başlayacağı ilə bağlı rəsmi müraciət edib.

Öz növbəsində MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən Həşimlinin aclığa başlaması ilə bağlı İctimaiyyətlə Əlaqələr Mərkəzində məlumat olmadığını bildirib.

Jurnalist Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.
XS
SM
MD
LG