Nardaran hadisələrində ölən və həbs edilən şəxslərin adları açıqlanıb

Nardaranda etiraz

Nardaran hadisələri nəticəsində 5 nəfər dünyasını dəyişib, 14 nəfər həbs olunub. Həbs olunanlar arasında yaralananlar da var.Ancaq kimlərin yaralı olması barədə dəqiq məlumat yoxdur.

Nardaran Ağsaqqallar Şurasın sədri Natiq Kərimov Amerikanın Səsinə ölən və həbs edilənlərin siyahısını təqdim edib.

“Hadisələr nəticəsində Abbas Hüseyn (Yasamal rayon sakini), Sarvan Səfərov, Əkbər Babayev, Rəfael və Fərahim Bünyadov qardaşları dünyasını dəyişib.

Həbs edilənlər bunlardır: Tale Bağırov, Əbülfəz Bünyadov, Rasim Bünyadov, Abbas Tağızadə, Abbas Quliyev, Cabbar Əmiraslanoğlu, Rasim Mirzəbalaoğlu, Kərbəlayı Etibar (Bakının Bilhgəh qəsəbə sakini), Bəhruz Quliyev, Cihad Balahüseyn oğlu (17 yaşı var, yaralıdır), Əlibaba Vəliyev, İbrahim (familyası hələ bəlli deyil), Şahin Əbdüləliyev (Bakının Müşfiqabad qəsəbə sakini), Əli Nuriyev”, o qeyd edib.

Xatırladaq ki, noyabrın 26-da Nardaranda keçirilən əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Əməliyyat zamanı yaranmış qarşıdurma nəticəsində 2-si polis olmaqla 7 nəfər ölüb.

Saxlanılan şəxlər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və saxlanılan həmin 14 nəfərə qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

Trend agentliyinin məlumatına görə, həbs olunan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Məlumatda deyilir ki, saxlanılan şəxslər vəkillərlə təmin olunsalar da, hələlik vəkillərin müvəkkilləri ilə görüşmədiyi bildirilir.

Bununla yanaşı, hüquq mühafizə orqanları və məhkəmələr barələrində həbs qətimkan tədbiri seçilmiş və ölmüş şəxslərin adlarını hələ açıqlamayıb. Hadisələr nəticəsində dünyasını dəyişmiş şəxslərin cəsədləri də hələ ailələrinə verilməyib.