Xəbər yenilənir
Hadisənin şahidi Amerikanın Səsinə açıqlamasında hər şeyin anidən baş verdiyini bildirib. "İçəridə namaz qılırdıq. Namazımızı qılıb qurtaran kimi bayırdan Allahu Əkbər səsləri gəldi. Nə baş verdiyini öyrənmək üçün hamımız qapıya doğru qaçdıq. Gördük ki, qaramaskalılar silahları tutub buraları, şüşələri vurub dağıdırlar. Qapını açan kimi şüşələr bizim göz-başımıza dəydi. Məcbur olduq evin içərisində dayanaq. Sonra girdilər içəri, əl-qolumuzu bağladılar, şəxsən mənim də əl-qolumu bağlamışdılar və başladılar vurmağa. Avtomatın arxasını camaatın başına vururdular. İŞİD belə terror eləməz, amma bunlar eləyirlər" - deyə hadisə şahidi bildirib.
***
Hadisə yerində olan Amerikanın Səsinin müxbiri Pərvanə Bayramovanın verdiyi məlumata görə, hazırda onlarla insan Nardaranın İmam Hüseyn meydanı yaxınlığında toplaşaraq günorta saatlarında polislər tərəfindən saxlanılan sakinlərin sərbəst buraxılmasını tələb edir. Etirazçılar meydanda moizələr oxuuyurlar. Onlardan biri Amerikanın Səsinə bildirib ki, tələbləri həyata keçirilənədək orada qalacaqlar.
Etirazçılar daş parçaları toplayaraq yolu bağlayıb və polisin oraya gəlməsinin qarşısını almağa çalışırlar.
***
Virtualaz.org saytının son məlumatına görə, silahlı insident zamanı 4 nəfər həlak olub. Onların 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır.
Bu məlumatı hələ hüquq-mühafizə orqanlatrı təsdiq etməyib.
***
Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
Noyabrın 26-da günorta saatlarında polis Bakının Nardaran kəndində əməliyyat keçirən zaman onlara əl qumbarası atılıb.
Sabunçu rayon Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, polislərdən yaralananlar olub.
Yerli sakinlərin dediyinə görə, polis Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadəni və digər bir neçə dindarı saxlamaq istəyərkən silahlı isnident olub, yaralananlar və ölənlər var. Amma mənbə yaralanan və ölənlərin kimlər olduğunu deyə bilməyib.
İlkin təsdiqlənməmiş məlumatlara görə, Tale Bağırzadə saxlanaraq qeyri-müəyyən istiqamətə aparılıb.
Virtualaz.org saytı bildirir ki, yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı təsdiq ediblər, yaralıların gətirildiyini bildiriblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilmir.
3 saylı xəstəxananın qəbul şöbəsindən Amerikanın Səsinə də Nardarandan yaralıların gətirildiyini təsdiq ediblər. Lakin yaralıların və ölənlərin sayı barədə məlumat verməkdən imtina ediblər.
Hələlik hüquq mühafizə orqanlarından insidentlə bağlı məlumat almaq mükün olmayıb.