Accessibility links

Nardarana girişin məhdudlaşdırıldığı bildirilir


Bakının Nardaran qəsəbəsi noyabrın 27-də gücləndirilmiş polis nəzarətində olub. Qəsəbəyə giriş və çıxış məhdudlaşdırılıb. İkinci sutkadır ki, qəsəbəyə elektrik enerjisi verilmir, stasionar telefon xətti kəsilib. Yaxınlıqdakı yanacaq doldurma stansiyaları bağlanıb. Çörək və digər ərzaq məhsullarının gətirilməsində problem yaranıb. Bu barədə Turan agentliyinin məlumatında deyilir.

Noyabrın 26-da Nardaranda dindarlara qarşı xüsusi əməliyyat keçirilib. Nəticədə 14 nəfər saxlanılıb. Onların arasında “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə də var. Hadisə zamanı 2 polis işçisi və 4 mülki şəxs həlak olub. Sonradan daha bir dindar xəstəxanada ölüb.

Qəsəbə sakini Natiq Kərimov bildirib ki, vədlərə baxmayaraq, vəfat edənlərin cəsədləri şənbə günü basdırılmaq üçün verilməyib.

Mülki şəxslər arasında ölənlərin sayı beş nəfərə çatıb. İnsident zamanı ğlən Abbas Hüseyn Gəncə, Sarvan Səfərov isə Masallı sakinləridir. Əkbər Babayev, Fərahim və Rafael Bünyadov qardaşları Nardaranda dəfn ediləcək.

“Yəqin, cəsədləri sabah gətirərlər. Bizim nümayəndələrə deyiblər ki, ekspertiza ilə əlaqədar cəsədlərin verilməsi yubadılır”, Kərimov bildirib.

O, saxlanılan yaralıların taleyilə bağlı məlumatın olmadığını deyib.

N.Kərimovun sözlərinə görə, noyabrın 27-dən qəsəbədə faktiki olaraq pasport rejimi tətbiq edilib.

“Polis qəsəbənin girişlərində nəzarəti gücləndirib. Axşam və bu gün adamlar işə, dərsə gedə bilməyiblər. Bakıxanov qəsəbəsində çörək zavodunda çalışan bir neçə nardaranlı işdən çıxarılıb”, Kərimov bildirib.

İkinci sutkadır ki, qəsəbədə elektrik enerjisi, stasionar telefon rabitəsi yoxdur.

N.Kərimovun sözlərinə görə, sakinlər ağacları kəsib odun kimi istifadə etməyə məcbur olub. Yaxınlıqda yerləşən iki yanacaq doldurma stansiyası bağlanıb.

Amma, qəsəbədəki İmam Hüseyn meydanında nardaranlıların kütləvi toplaşması davam edir. Onlar işıq və isinməkdən ötrü tonqallar qalayır.

Öz növbəsində, rəsmi qurumlar bu məlumatlara hələ münasibət bildirməyib.

Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun noyabrın 26-da Nardaranda baş verən silahlı insidentlə bağlı birgə məlumatında deyilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.

Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır.

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilmişdir. Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.

XS
SM
MD
LG