Nəsimi rayon məhkəməsi “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etməkdən imtina edib.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbiri ilə razılaşmadığını bildirib. O həmçinin təqsiri olmadığını deyib və həbs edilməsinin yeganə səbəbinin peşə fəaliyyəti olduğunu söyləyib.
Vəkil eyni zamanda cənab Zeynallının girov müqabilində azadlığa buraxılması barədə də vəsatət qaldırıb. Lakin hakim vəsatəti təmin etməyib.
Vəkil hesab edir ki, hakimin qərarı qanunsuzdur və tezliklə bu qərardan apelyasiya şikayəti veriləcək.
Əvəz Zeynallı oktyabrın 28-də Nəsimi rayon məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs olunub. Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi açıb. Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib.