Metro keçidlərində qəzet-jurnal, kitab, dəftər satışı qadağan edilib

Gündəm Xəbər qəzetinin kollektivi metro rəisinə etiraz edib

Noyabrın 14-dən Bakının bütün metro keçidlərində qəzet və jurnalların, noyabrın 15-dən isə kitab və digər çap məhsullarının, o cümlədən dəftər, bloknot və s. satışı dayandırılıb.

Metro keçidlərində qəzet-jurnal satışı ilə məşğul olan “Metroservis” firmasından Amerikanın Səsinə bildiriblər ki, “Metroservis” rəhbəri noyabrın 14-dən metro keçidlərində qəzet-jurnal satışının dayandırılması barədə sərəncam imzalayıb. Amma, firma satışın dayandırılmasının səbəblərini izah etməyib.

Bununla yanaşı, “Metroservis” metro keçidlərində kitab və sair nəşrlər, o cümlədən dəftər, bloknot satışı ilə məşğul olmadığını bildirib.

Bakı Metropoliteninin mətbuat xidməti metro keçidlərində qəzet-jurnal, kitab və digər nəşrlərin, o cümlədən dəftər, bloknot və s.satışının yığışdırıldığını təsdiq edib. Bununla yanaşı səbəbləri barədə hər hansı izahat verməyib, səbəblərini “Metroservis” firmasından öyrənməyi məsləhət bilib.

Xatırladaq ki, bir ay bundan öncə metro keçidlərində müxalifətyönümlü “Azadlıq”, “Yeni Müsavat” və bir sıra tənqidçi qəzetlərin satışı qadağan edilib.