Accessibility links

Rauf Arifoğlu: Fənadır, dözülməzdir və qəzet çapını tam dayandıra bilər [Audio-müsahibə]


Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu
Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu

Yeni Müsavat qəzetinin baş redaktorunun Amerikanın Səsinə müsahibəsi

“Yeni Müsavat” qəzeti etiraz olaraq bir neçə günlüyə çapını dayandırıb. Qəzetin baş redaktoru Rauf Arifoğlu Amerikanın Səsinə müsahibəsində qəzetin dayandırılmasının səbəbləri, vəziyyətdən çıxış yollarından danışıb.

Rauf Arifoğlu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:04:51 0:00

Müsahibədən seçmələr:

“Yeni Müsavat”ı o vəziyyətə gətirib ki, gəlirlə işləməli olduğumuz halda, böyük bir zərərlə işləyirik.
- Qəzetin çapını bir neçə gün etiraz aksiyası kimi dayandırmışıq. Son günlər qəzetin tamamilə çökdürülməsinə yönəlmiş addımlar atılır. Metropoliten ərazisində satışa imkan verilmir, “Qasid” firması vasitəsi ilə satılan qəzetlərin pulunun redaksiyaya qaytarılmaması media qurumlarını, xüsusilə də “Yeni Müsavat”ı o vəziyyətə gətirib ki, gəlirlə işləməli olduğumuz halda, böyük bir zərərlə işləyirik.

- Bakı ərazisində qəzet satmağa demək olar ki, yer tapmırıq. Bu gün də çap olunmuş qəzetlərimizi “Qasid” firması köşklərində satışa qoymayıb. Səyyar yayım nöqtələrinə polis müdaxilələri var, satıcılara təsirlər olur. Bakı İcra Hakimiyyəti və Bakıda yerləşən hökumət qurumları qəzetlərin satılmaması üçün səfərbər olunub.

Bakı İcra Hakimiyyəti və Bakıda yerləşən hökumət qurumları qəzetlərin satılmaması üçün səfərbər olunub.
- Hesab edirəm ki, bu vəziyyətə beynəlxalq təşkilatların, prezidentin, müxalifət partiyalarının, cəmiyyətin reaksiyası adekvat deyil. Bu bizim üçün faciəvi bir vəziyyətdir. Azərbaycan mətbuatı ən ağır, faciəvi günlərini yaşayır.

- “Yeni Müsavat” qəzetinin nəşrinin iki gün sonra 24 ili tamam olacaq. Qəzet hazırda olum-qalım üçün çalışır. Biz nəşrin müvəqqəti dayandırılması addımını atdıq. Fənadır, dözülməzdir və qəzet bir neçə gündən sonra çapını tam dayandıra bilər. Biz gələn həftə çapı bərpa etməyə çalışacağıq. Ancaq vəziyyət dəyişmədiyi halda uzun müddət davam gətirə bilməyəcəyik, tamamilə dayanacağıq.

- Prezidentə müraciət etmişik, hələ reaksiya yoxdur. Mən hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəbul otağına zəng edib problemlə bağlı görüşmək istədiyimi bildirmişəm. Anar adlı köməkçisi mənim telefonlarımı yazdı, amma hələ hər hansı cavab yoxdur. Bu günlərdə demək olar ki, bütün dövlət yetkililərinə məktubla müraciət etmişəm, amma cavab yoxdur.

Prezidentə müraciət etmişik, hələ reaksiya yoxdur.
- Nəticə odur ki, qəzetlər çökdürülsün. Amma, bizi dayandırandan sonra İlham Əliyevin də, Azərbaycan hakimiyyətinin də əlində mətbuat azadlığı arqumenti olmayacaq.

- Vəziyyətdən çıxış yolunun oxucuların, bizi sevənlərin, hətta sevməyənlərin və mətbuat, söz azadlığında maraqlı olanların təcili şəkildə qəzetimizə abunə yazılmasında görürəm. Bu vəziyyətdən çıxış yollarından birdir. Digər çıxış yollarından biri prezidentin bizi qəbul etməsidir. Konkret olaraq mən onunla görüş istəyirəm. Və ya Ramiz Mehdiyevin, yetkili bir şəxsin məni qəbul edib çox sadə bir qərar verməsidir ki, qəzetlərin Bakıda yayımına imkan verilsin. Heç kimdən maddi dəstək istəmirik, pul istəmirik. Sadəcə imkan versinlər ki, çıxardığımız qəzeti sataq, həm 61 nəfər əməkdaşın, həm də yüzlərlə qəzet satıcısının ruzisini həll edək.

İmkanı olanlar abunə yazılsın, olmayanlar dua etsin.
- “Yeni Müsavat” Azərbaycana müstəqilliyi daşıyıb gətirən informasiya vasitələrindən biridir. Hər kəsdən duyarlılıq istəyirik. İmkanı olanlar abunə yazılsın, olmayanlar dua etsin.
XS
SM
MD
LG