ABŞ-ın birinci prezidenti Corc Vaşinqton formal məktəb bitirməmişdi. Bununla belə onun kitabxanasında 900 ədəd kitab var idi. Həmin vaxt kitabların necə baha və nadir olmasını nəzərə alsaq bu, kifayət qədər iri rəqəmdir. Vaşinqtonun ən çox sevdiyi ədəbiyyat bioqrafiyalar, tarix, qədim Yunan və Roma klassik əsərləri, habelə romanlar idi. Vaşinqton hətta ictimai kitabxanadan kitab kirayələyirdi. Nyu York Cəmiyyət Kitabxanasının sənədləri göstərir ki, 1789-cu il 5 oktyabrda ABŞ-ın ilk prezidenti iki kitab – Emmerich de Vattelin Millətlər Qanunu və Britaniya Nümayəndələr Palatasında debatlara dair cild götürüb. 2010-cu ildə arxivist aşkar etdi ki, Vaşinqton bu kitabları qaytarmayıb və üst-üstə gəldikdə toplanan cərimənin miqdarı $300,000 edir. Bundan xəbər tutan Mount Vernon ev muzeyi Millətlər Qanunu-nun yeni nüsxəsini kitabxanaya bağışladı və əvəzində Nyu York təsisatı Corc Vaşinqtonun borcunu sildi.
İnqilabdan sonra da qurucu babalar siyasətin fəlsəfəsinə, uğurlu cəmiyyətin necə yaradılması barədə suallara maraqlarını davam etdirirdilərTevy Troy
Amerikanın baniləri Roma tarixini çox sevərdilər, çünki onlar Amerikanın timsalında Sezarların tiraniyasına qarşı qurulan dövlət görürdülər. Qədim Roma Respublikasının qəhrəmanları – Brut, Kassi, Siseron onlar üçün nümunə idilər. “Con Adams Siserona 23 yaşdan səcdə edirdi. O, öz gəncliyində bu orator haqda ucadan oxuyar və bütün ictimai həyatı boyu onu təqlid etməyə çalışardı və prezidentlikdən getdikdən sonra da De senectute əsərini hər il oxuyardı.” Tevy Troyun yazdığına görə Siseronun ən kamil təcəssümü yüksək əxlaqi davranışa malik Corc Vaşinqton idi. “ Banilər Vaşinqtona klassik idealda əks olunan xüsusiyyətlərinə görə qibtə edirdilər: təmkin, soyuqqanlılılıq, qətiyyət, şərəf və müstəqillik.” O, Amerikanın əsl Sinsinnatı idi. Millətinin ən gərəkli anında onun imdadına yetişir və hakimiyyəti əldə saxlamaq əvəzinə özəl təssərrüfatına qayıdır.
Banilər arasında ən çox tanınan bibliofillər Tomas Cefferson və Con Adams idi. Ceffersonun atası vəfat edəndə ona cəmi 42 kitab miras qoymuşdu. Oğul sonrakı illərdə aya 12 kitab artırmaqla kolleksiyanı genişləndirdi. Təsəvvür edin ki, puritanlar təsis etdikləri ilk təhsil ocağına 400 kitab ianə edən Con Harvardın adını qoymuşdular. Onu da nəzərə almaq lazımdır ki, kitab toplamaq çox bahalı məşğuliyyət idi, çünki onlar Avropadan idxal edilməli idi. 1776-cı ildə Adam Smitin Millətlərin Sərvəti kitabı indiki pulla $617 dollar idi (1 iPad-in qiymətinə).
Tomas Ceffersonun mütaliəsinin başqa quruculara təsiri də böyük idi. Bu, onun Konstitutsiya qurultayından öncə ictimai qanun və siyasi hüquqlar haqda maraqlanan Ceyms Madisona iki sandıq kitab göndərməsində özünü büruzə verir.Tevy Troy
1814-cü ildə Britaniya ordusu Vaşinqton şəhərini yandırdıqdan sonra Cefferson Konqresə 6487 kitab ianə etdi ki, bunun əsasında dünyanın ən böyük kitabxanası – Konqres Kitabxanası yarandı. Bu kitabxana sonradan başqa kitab həvəskarı olan Bencamin Franklinin ixtira etdiyi kodlaşdırma sistemini universal praktikaya çevirəcəkdi. Konqres Ceffersona kitabların müqabilində $23,900 verdi. Amma 1826-cı ildə ölənədək Cefferson hələ əlavə min kitab da toplayacaqdı.
Tevy Troy yazır ki, Con Adams hətta Ceffersondan da betər kitab fanatı idi. Onun şəxsi kitabxanasında 3,000-dən çox kitab var idi. Bu kitabların arasında Siseron, Plutarx və Fukididin əsərləri yer alırdı. Deyilənə görə Adams xanımına etiraf da etmişdi: “Mən başsız iş tutmuşam. Kitablara səltənət xərcləmişəm.” Amma Adams təkcə kitabları oxumur, onlarla bəhsə girirdi. Jan Jak Russonu “fırıldaqçı”, Volteri “yalançı” Kondorseti “səfeh” adlandıran ikinci prezident oxuduğu kitab səhifələrinin yanında saysız-hesabsız qeydlər yazardı.
Amerikanı quran şəxsiyyətlər kitab oxumağa hobbi kimi baxmırdılar. Onlar üçün oxuduqları ideyaların, təcrübələrin siyasi reallıqlar üçün əhəmiyyəti böyük idi. Maarifləndirmə Dövrünün övladları Platondan tutmuş Con Lokadək siyasi filosofların ideyaları ilə dərindən tanış olur və bu ideyalardan kamil siyasi sistem qurmaq üçün yararlanmağın yollarını arayırdılar. Burada ictimai mühitin də böyük rolu var idi. Dünyanın başqa yerlərindən fərqli olaraq Qərb sivilizasiyası artıq İnformasiya Dövrünün ilkin mərhələsinə qədəm qoymuşdu. Kitab çapının kütləvi hal alması ilə savad təkcə varlı şəxslər deyil, sadə adamlar üçün də məqbul idi. Liberal ideyaların ayaq tutmağa başladığı dövrdə informasiya artıq şifahi yox, yazılı şəkildə – qəzet, kitab, pamflet formatında yayılırdı.
Tarixən, siyasi hakimiyyətlə savad arasında bağlılıq şərt olmayıb. Dərin bilik sahibi olmamış insanlar arasında uğurlu fatehlər, imperatorlar, dövlət başçılarının sayı kifayət qədər çoxdur. “Hakimiyyət tüfəngin lüləsindən gəlir,” deyə Çin kommunist inqilabının rəhbəri Mao Tsetunq israr edirdi. Öz siyasi təcrübəsinə əsaslanan Mao müəyyən mənada haqlı idi. Amma hakimiyyəti yalnız tüfəngin hansı əldə olması ilə ölçən adamların quracağı cəmiyyətdə milyonlarla adam səfalət içində yaşamağa, aclıq və repressiya qurbanlarına çevrilməyə məhkum idi. Avtoritar cəmiyyətlərdə hakimiyyəti ələ keçirmək, yaxud əldə saxlamaq üçün kitab oxumağa ehiyac olmaya bilər. Bunun üçün çox vaxt “tüfəng lüləsi” kifayət edir. Amma demokratiya kimi mürəkkəb siyasi sistemin, firavan, innovativ, inkişafa meylli və ən mühümü, azad cəmiyyətin qurulması dərin bilik və dünyagörüşü tələb edirdi ki, xoşbəxtlikdən Pərvərdigar bu nemətləri Amerikanın qurucu babalarından əsirgəməmişdi.