Noyabrın ilk çərşənbə axşamında, ənənəyə uyğun olaraq amerikalılar səsvermə məntəqələrinə axışırlar. Tropik Florida ştatından Alyaskanın Şimal Buzlu Okeanındakı sahillərinədək nəhəng bir ərazidə milyonlarla adam özlərinə yerli bələdiyyə rəsmiləri, ştat idarəçiləri, yerli və federal millət vəkilləri və nəhayət Birləşmiş Ştatların dövlət başçısını seçirlər. Səsvermə Amerika xalqının milli ritualıdır. Başqa millətlərdə insanlar öz kimliklərini dillə, etnik mənsubiyyətlə, yaxud dinlə bağlayırlar. Dünyanın hər yerindən nə vaxtsa mühacir kimi gəlmiş amerikalıları isə millət edən amal demokratiyadır. Həmin bu demokratiya – bu səsvermə hüququ uğrunda yüz minlərlə amerikalı canından keçmiş, və milyonlarla amerikalı həyatlarını riskə qoymağa hazırdırlar.
İctimai rəyə əsaslanan idarəçilik amerikalılara bu torpaqlara 17-ci əsrin əvvəllərində ayaq basmış ingilis kolonialistlərdən miras qalıb. 1607-ci ildə Virciniya Şirkətinə məxsus üç gəmi Şimali Amerika sahillərində lövbər salaraq kral Ceymsin şərəfinə Ceymstaun yaşayış məntəqəsinin əsasını qoydu. 12 il sonra – 1619-cu ildə, Təmsilçilər Evi adlanan məşvərətçi şura bir yerə toplaşaraq İngiltərə üçün tütün mənbəyinə çevrilən bu ərazilərin idarəçiliyini öz əlinə aldı. Təmsilçilər Evində Ceymstaun və genişlənən ətraf ərazilərin idarəçiliyini sadə ingilis mühacirlər icra edirdilər. 1776-cı ildə Britaniya kralına qarşı üsyana qalxan amerikalı kolonialistlər bu baxımdan 150 illik özünü-idarəçilik təcrübəsinə əsaslanaraq Yeni Dünyada həqiqi yeni dünya – ilk respublika qurmaq amacına düşdülər. 1776-cı il iyulun 4-də Filiadelfiyada elan olunan İstiqlaliyyət Bəyannaməsi bir şəxsin yox, 13 koloniyadan gəlmiş siyasi təmsilçilərin uzun məşvərətləri və demokratik səsverməsinin bəhrəsi idi.
Təbii ki, burada şəxsiyyətlərin də böyük rolu var idi. Amerika İnqilabına rəhbərlik edən Corc Vaşinqton hərbi general olaraq çətin məqamlarda dünyanın ən qüdrətli imperiyasının ordusu ilə üz-üzə gəlməkdən çəkinmədi. Minlərlə amerikalı silah, sursat və hərbi təcrübə baxımdan qat-qat üstün olan ingilis qüvvələri tərəfindən öldürüldü. Çox sayda döyüşçü aclıq, şaxta və epidemiyalardan tələf oldu. Sağ qalanları isə sakit qətiyyətlə səfərbər edib qələbəyə aparan Corc Vaşinqton 1781-ci il, 19 oktyabrda İngiltərə qüvvələrinin Şimali Amerikadakı komandanı Çarlz Kornvallisin qılıncını təslim aldı. Daha sonra general Vaşinqton vətəndaş qismində Birləşmiş Ştatlar konsitutusiyasının tərtib edilməsində və hazırda Amerikada bərqərar olan şaquli və horizontal hakimiyyət bölgüsünü təsis edən hökumətin formalaşmasında fəal iştirak etdi; Amerika ictimaiyyətinin iradəsi ilə prezident seçildi; Və nəhayət Vaşinqtonadək çox az adamın ata biləcəyi addımı atdı – könüllü olaraq hakimiyyətdən getdi və mütəmadi qaydada dəyişən hakimiyyət prinsipinin əsasını qoydu.
“Hürriyətin bədəli daimi sayıqlıqdır,” deyə Amerikanın qurucu babalarından olan Tomas Cefferson bildirib. 18-ci əsrin sonlarında bərqərar olandan bəri Amerika demokratiyası çox sınaqlarla üzləşib, amma hər dəfə bu sınaqlardan üzüağ çıxmağı bacarıb. 1812-14 müharibəsində bu dövlətin paytaxtı yandırıldı, 1861-65-də qanlı vətəndaş müharibəsi ölkəni daxildən parçaladı, 20-ci əsrin iki dünya müharibəsi və Kommunizm təhlükəsi Amerika təcrübəsinin mövcudluğunu sual altına qoydu. Amma dünyanın ən qaranlıq məqamlarında Amerika xalqı azadlıq işığının tam sönməsinə imkan vermədi. Amerikada tez-tez eşidilən deyim var: “Freedom is not free” – yəni “Azadlıq havayı deyil.” Silaha sarılan amerikalılar təkcə demokratiyanı işlətməyə deyil, onu qan bahasına qorumağa qadir olduqlarını tarix boyu sübuta yetiriblər. Özü də təkcə Amerika sahillərində yox. Uzaq Avropada, Asiyada, Yaxın Şərqdə. Bu günlərdə səsvermə məntəqəsinə gedərək siyasi iradəsini nümayiş etdirən hər bir amerikalı bu hüquq uğrunda ən yüksək bədəli ödəmiş adamların ruhuna minnətdardır.