Accessibility links

Amnesty İnternational jurnalisti və blogeri vicdan məhbusu kimi tanıyıb


Amnesty International: Bu dəhşətli bir hadisədir
Amnesty International: Bu dəhşətli bir hadisədir

Yazıçı və bloger R.Ramazanov 9 il, qəzet redaktoru Sərdar Əlibəyli 4 il azadlıqdan məhrum edilib

Azərbaycan hakimiyyəti söz azadlığına hücumlara, hökuməti tənqid edən jurnalistlərin və blogerlərin saxta ittihamlarla təqib olunmasına son qoymalıdır.

Bu barədə Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı noyabrın 13-də jurnalist Sərdar Əlibəyli və bloger Rəşad Ramazanovun barəsində çıxarılan məhkəmə hökmləri ilə əlaqədar yaydığı bəyanatda deyilir.
.
“Azərbaycanda KİV-də özgəfikirliliyə amansız və məqsədyönlü hücumlar sürətlə artır, vətəndaşlar öz əqidələrinə görə uydurma cinayət işlərinin əsasında həbsə alınırlar”, - Amnesty İnternational-ın nümayəndəsi John Dalhuisen bildirib.

Yazıçı və bloger R.Ramazanov Facebook və YouTube saytlarında hakimiyyətə qarşı çıxıb və narkotik maddə alveri üzrə şübhəli ittihamla 9 il müddətinə azadlıqdan məhrum edilib.

Müxalifət qəzetinin redaktoru Sərdar Əlibəyli “xuliqanlıq”da ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Rəşad Ramazanov və Sərdar Əlibəyli vicdan məhbusları sayılır. Onlar öz ifadə azadlığı hüququnu reallaşdırdığına görə həbs olunublar və dərhal, heç bir şərt olmadan azadlığa buraxılmalıdırlar”, - John Dalhuisen vurğulayıb.

Yeni hökmlər Azərbaycanda hökuməti tənqid edənlərə, o cümlədən KİV işçilərinə, QHT və hüquq-müdafiə təşkilatlarının fəallarına qarşı təzyiqlərin davam etməsi fonunda səslənib.

Amnesty International-ın məlumatına görə, Azərbaycanda 18 nəfər “vicdan məhbusu” var. Onlar KİV-də hakimiyyətin əleyhinə çıxdıqları üçün həbsə alınıblar.
Barələrində hökm çıxarılan şəxslərin həbs tarixçələrinə, saxlanma şəraitinə və onlarla rəftara toxunan təşkilat nümayəndəsi qeyd edib ki, Azərbaycan hökuməti bu həbslər dalğası və hökmlərlə özgəfikirliliyə yol verməyəcəyi barədə aydın və təhlükəli mesaj yollayır.

9 oktyabr prezident seçkilərindən bir neçə ay əvvəl Azərbaycanda media və vətəndaş cəmiyyəti, siyasi fəallar üçün repressiv mühit yaradılıb. Bu, seçkilərdən sonra da davam edib.

Jurnalistlərə qarşı təqiblər müstəqil və müxalifət qəzetlərinə təzyiqlərin artması ilə müşayiət olunur.

Kompensasiyaların ödənilməsi barədə tələblər, bank hesablarının dondurulması, köşklərdə və metro stansiyalarda tənqidi qəzetlərin satışının qadağan edilməsi populyar “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin çapının dayanmasına gətirib çıxarıb.

“İlham Əliyev yenidən seçildikdən sonra təqiblərin və senzuranın azaldılması üçün heç bir iş görməyib. İki aparıcı müxalifət qəzetinə yeni təzyiq halları Əliyev rejiminin nəinki hücumçu, həm də siyasi müxalifəti susdurmağa cəhd edən rejim kimi müəyyən olunduğunu təsdiqləyir”, John Dalhuisen vurğulayıb.
XS
SM
MD
LG