Prezident Əliyev Milli Mətbuat Günündə jurnalistlərə mənzillərin təqdimatında iştirak edib

Milli Mətbuat Günü

Prezident jurnalistlər üçün daha bir evin tikintisi üçün də sərəncam imzalayıb
Azərbaycanda Milli Mətbuat Günüdür. 138-ci il öncə 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin rəhbərliyi ilə ölkənin ilk qəzeti, - “Əkinçi” qəzeti nəşrə başlayıb.

Mətbuat Günü münasibəti ilə jurnalistlər, media təşkilatları Həsən bəy Zərdabinin məzarını ziyarət edib. Prezident İlham Əliyev Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün yeni tikilmiş yaşayış binasının açılış mərasimində iştirak edib.

Əliyev jurnalistlər üçün tikilmiş mənzillərin istifadəyə verilməsinin ikiqat bayram adlandırıb.

“Dünya praktikasında ilk dəfə Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verilib. Jurnalistlər maaşları ilə mənzil ala bilməzlər. Mətbuat təmsilçiləri ilə görüşdə ortaya çıxan təşəbbüsə dərhal dəstək verildi”.

Dövlət başçısı Heydər Əliyevin senzuranı ləğv etməsi ilə mətbuatın azadlığının genişləndiyini diqqətə çatdırıb. O Azərbaycanda yeni texnologiyaların tətbiqini də önə çəkib.

“Dünyada olduğu kimi, Azərbaycanda da internet jurnalistikası inkişaf edir. İnternetin yayılması ilə bağlı dövlət proqramları həyata keçirilir. Belə olan halda biz deyə bilərik ki, Azərbaycanda söz azadlığı tam təmin edilib. Bu, belə də olmalıdır. Azərbaycanda iqtisadi, sosial və ictimai proseslərin gedişi mütərəqqi ideyalar üzərində qurulmalıdır. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın rolu böyükdür. Gələcəkdə də Azərbaycanda söz azadlığı və digər azadlıqlar tam təmin ediləcək. Bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün də yer nəzərdə tutulub, jurnalistlərə eyvandan baxaraq o aksiyaları işıqlandırması çətin olmaz”.

O, jurnalistlərin məsuliyyətinin də daim müzakirə mövzusu olduğunu bildirib.

“Azad mətbuat olan yerdə jurnalist məsuliyyəti önə çıxır. Son illər jurnalistlər məsuliyyətlərini daha çox hiss edirlər. Mətbuatda təhqiramiz yazılara çox az rast gəlinir. Digər tərəfdən, müasir internet dövründə yalan informasiyanın ömrü uzun ola bilməz. Mətbuat Şurasının da bu məsələləri daim diqqət mərkəzində saxladığını bilirəm. Jurnalistlərin peşəkarlığı barədə heç nə demək istəmirəm, siz özünüz vaxtaşırı bu barədə danışırsınız”.

Prezident İlham Əliyev dövlətin mətbuata qayğısının davam edəcəyini söyləyib.

“Bu gün açılışını etdiyimiz binada yaşayacaq jurnalistlərin sayı 150 nəfərdir. Ancaq dövlətin dəstəyinə ehtiyacı olan, buna layiq olan jurnalistlərin sayı çoxdur. Təşəbbüsü nəzərə alaraq, jurnalistlərə bu sahədə dəstək davam edəcək. İstisna etmirəm ki, bura gələcəkdə jurnalist şəhərciyi olacaq”.

Sonra dövlət başçısı Bibiheybət qəsəbəsində jurnalistlər üçün daha bir yeni yaşayış binasının təməlini qoyub. Yeni binanın tikintisi üçün 2013-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.