Azərbaycan Jurnalistlərinin 6-cı qurultayı (Video)

Your browser doesn’t support HTML5

Azərbaycan Jurnalistlərinin 6-cı qurultayı (maraqlı çıxışlar)

Əflatun Amaşov yenidən sədr seçilib. Əli Həsənov jurnalistləri dövlətçilik və vətəndaşlıq mövqeyində durmağa səsləyib
Azərbaycan jurnalistlərinin VI qurultayı olub.

Qurultayın gündəliyinə Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları, nizamnaməyə, jurnalistlərin Peşə Davranışı və Etika Məcəlləsinə dəyişikliyin edilməsi, MŞ rəhbərliyinin seçkiləri daxildir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident İlham Əliyevin qurultaya təbrikini oxuyub.

Dövlət başçısı ölkədə söz azadlığının daha da dərinləşdiyini, dövlətin mətbuat azadlığına verdiyi zəmanəti yerinə yetirdiyini, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, medianın maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət yetirdiyini bildirib.

Jurnalistlərin 6-cı qurultayı

Mətbuat Şurasının sədri Əflatun Amaşov leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Nicat Dağların müalicəsi üçün görülən tədbirlərə görə ölkə prezidentinə və birinci xanıma təşəkkürünü bildirib. Həmçinin Ə.Amaşov jurnalistlər üçün mənzil tikintisinə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Hesabat məruzəsində Azərbaycanda mətbuat azadlığının inkişaf etdiyini, reket jurnalistikasına qarşı qətiyyətli mübarizənin aparıldığını, jurnalistlərin müdafiə olunduğunu bildirilir. .

Amaşov deyib ki, son illərdə peşə fəaliyyətinə görə həbs olunan jurnalist yoxdur. Lakin jurnalistlərin həbsi üçün hətta “nəzəri” imkanlar da aradan qaldırılmalıdır.

“Diffamasiya haqqında” qanun qəbul olunmalıdır”, o qeyd edib
Sədrin dediyinə görə, MŞ bundan sonra İnternet medianı əhatə edəcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qurultaya 25 dəqiqəlik çıxışı ilə hökumətin mövqeyini ifadə edib. Hətta onun çıxışı Mətbuat Şurasının sədrinin hesabat məruzəsindən çox vaxt aparıb.

Onun çıxışının əsasını jurnalistlərin vətəndaş və dövlətçilik mövqeyində
Dayanmağa həsr edilib.

“Bəzən hakimiyyəti tənqid etmək əvəzinə, dövləti tənqid edirlər, hakimiyyətə qarşı mübarizə aparmaq fonunda dövlətin əleyhinə fəaliyyət göstərirlər”, o qeyd edib.

Jurnalistlərin 6-cı qurultayı

Şöbə müdiri əsas hədəf kimi müxalif mövqe dayanan “Azadlıq” qəzetini seçib.

“Azadlıq” qəzeti hakimiyyətə opponentlik edən partiyalardan birinin orqanıdır. Amma “Azadlıq” qəzeti fəaliyyətə bir partiyanın orqanı kimi başlamayıb. Bu qəzet Azərbaycanın müstəqilliyi dövründən fəaliyyətə başlamış, insanların həddindən artıq dövlət və dövlətçilik ilə bağlı gözləntiləri olan bir orqandır. Dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal bugünkü iqtidarı vurmaq anlamında bu qəzetin səhifələrində tirajlanır, yaxşı şeylər bir qədər də silinərək təhrif olunur. Bunu dəfələrlə sübut etmişik. Azərbaycanda vaxtilə fəaliyyət göstərmiş diplomatlar olub. Onların hamısı əlbəttə ki, diplomat deyil. Onlar içərisində xüsusi xidmət orqanlarının nümayəndələri, ayrı-ayrı məqsədlərlə Azərbaycana gələn insanlar da var. Onlardan bəziləri diplomatik missiyasını başa vurandan, yaxud hansısa səbəblərdən yarımçıq uzaqlaşdırıldıqdan sonra hüquq-müdafiə təşkilatlarının üzvü kimi fəaliyyətlərini davam etdirirlər. Onların bir-ikisi sizə də bəllidir, “Azadlıq” qəzetinin səhifələrində həmin adamların yazısı gedir. Həmin adamların anti-Azərbaycan fəaliyyəti olduğu kimi, bir az da şişirdilərək qəzetlərimizin səhifəsinə daşınır. Bu proses iqtidarı vurmaq məqsədilə həyata keçirilir. İqtidar bu gün var, sabah yoxdur, hər birimiz yerimizi dəyişə bilərik, amma bu dövlət bizimdir.

Jurnalistin ilk vəzifəsi insanları məlumatla təmin etməkdir. Amma jurnalist eyni zamanda bir ölkənin vətəndaşı, sosial təbəqinin nümayəndəsidir. Məgər biz peşəmizi milli dəyərlərimizdən üstünmü tutmalıyıq? Təəssüflər olsun ki, Azərbaycan jurnalistikasında hakimiyyətlə dövlətin maraqlarını ayırd etməyənlər var. Bunu nəticəsi olaraq erməni mətbuatı bizim qəzetlərin yazılarını sadəcə tərcümə edərək dünyaya

Jurnalistlərin 6-cı qurultayı

yayır. “Freedom House”da, digər təşkilatlarda olan bəzi adamlar Azərbaycandan qisas alır. “Human Rights Watch”da olan Rebekka Vinset gündə “Əl-cəzirə” telekanalında danışır. Vaxtilə ABŞ səfirliyində işləmiş, sonradan oradan uzaqlaşdırılan bir xanımdır. Nədənsə o, bütün fəaliyyətini Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qurub.

“Eurovision” mahnı müsabiqəsi zamanı İsveçrədə həmin xanəm bir toplantı təşkil etmiş, bildirmişdi ki, Bakıda keçirilən bu mahnı müsabiqəsi ləğv edilməlidir və Azərbaycan xalqı belə bir tədbir keçirməyə layiq və qadir deyil. Buradan bir qrup mətbuat nümayndəsi ilə birlik də İsveçrəyə getdim və o qadına bildirdim ki, sənin ölkənin mən səviyyəli hansı məmuru dünya mediası qarşısında belə açıq şəkildə dialoq aparır? Yoxdur belə nümunə. Qadın mənə dedi ki, Azərbaycan dövlətinə qarşı müharibə elan edib və bu mübarizəni sona qədər davam etdirəcək. Mən ona bildirdim ki, atdığın addımların cavabını alacaqsan. Azərbaycan dövləti yalnız öz xalqının qarşısında öhdəlik daşıyır”.

Ə.Həsənov dövlətin jurnalistlərə tövsiyyələrindən də danışıb.
“Hökuməti tənqid edin, icra strukturlarından yazın, məmurların fəaliyyətini tənqid edin. Dəfələrlə ölkə prezidenti məmurları müxalifət mətbuatından da sərt tənqid edib. Amma bir az vətənpərvərlik hissnizi, məsuliyyətinizi unutmayın. İlham Əliyevin ortaya qoyduğu, istinad etdiyi dövlət maraqlarıdır. Ona görə də, Azərbaycan jurnalistlərinə hörmət və ehtiramımızı ishar edirik. Əlbəttə bizim də səhvlərimiz var. Azərbaycan mediasına bu qədər müsbət yanaşan ikinci hakimiyyət görməmişik. Bizi əvəz etməyə çalışanların da açıqlamasında bunun daha yaxşı olacağına inanmıram.

Hakimiyyətə iddialı olanlar fərqli düşünənlərin ağzından vuracağını söyləyirlər. Özü vuracaq və cəriməsini də özü verəcək deyir. Xüsusilə də bu iqtidarı müdafiə edənlərin azğından vuracağını və məsuliyyətini də daşıyacağını söyləyir. Ağızdan vurmağa görə məsuliyyət isə min manat cərimədir. Deməli, sillələr vuracaq, cəriməni də büdcədən götürüb ödəyəcək. Belə bir adama isə bəzi qəzetlər dəstək verir. Gəlin dəyərli namizədi təbliğ edək. Öz hisslərini idarə edə bilməyən, qisasçılıq zəminində hakimiyyətə can atan, üç il əvvəl dediklərini danan, indi tamam başqa mövqedə olan adamdan nə gözləmək olar? Bu dəyişikliyin səbəbini də hamı bilir. Təsəvvür edin, 20 ildir Azərbaycan müxalifəti hakimiyyətə gəlmək istəyir, bunu gözləyir, amma yerini bir günün içərisində başqasına verir. Belə müxalifətçilik olar? Əlbəttə, onlar öz yerlərini kimə verəcəklərini özləri müəyyənləşdirirlər. Lakin müxalifət hakimiyyət uğrunda mübarizəsini dayandırdığı gün istefa verməlidir. Gözləyək, kimsə gəlib bu hakimiyyəti bizə versin, sonra özümüz paylaşarıq, kim gəlir məqbuldur” prinsipi - budur onların missiyası”, Həsənov qeyd edib.

Qurultayda MŞ İdarə Heyətinin həqiqi üzvlərinin sayının 15-dən 17-dək artırılıb. Daha 5 “ehtiyat” üzv seçilib.

17 həqiqi üzvdən 8-i çap mətbuatının, 3-ü İnternet portalının, 6-ı ictimaiyyətin nümayəndəsi seçilib.

Əflatun Amamşov yenidən Mətbuat Şurasının sədri seçilib. O 2003-cü ildən quruma rəhbərlik edir.

Mətbuat Şurası 2003-cü iləd yaradılıb. Bunadək ölkədə mətbuat və informasiya nazirliyi var idi. Mətbuat Şurası özünütənzimləyən qurum kimi cəmiyyət-media-hökumət münasibətlərini tənzimləyir. Lakin son bir neçə ildə MŞ-nin fəaliyyəti bir sıra media orqanları və jurnalistlər tərəfindən birmənalı qarşılanmır. Bu səbəbdən də son illərdə MŞ-nin İdarə Heyətinin bir neçə üzvü fəaliyyət göstərməyib və bu qurum hökumətə meylli olmaqda günahlandırılır.