Accessibility links

Təhlükəsiz şəraitdə danışmaq azadlığı - tənqid çoxlarının xoşuna gəlmir


“Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması” mövzusunda Milli Konfrans
“Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması” mövzusunda Milli Konfrans

Beynəlxalq Söz Azadlığı Günü münasibəti ilə keçirilən forumda təhlükəli və təhlükəsiz şəraitdə danışmağın nəticələri müzakirə edilib. Forumda ATƏT və Avropa Birliyinin səfirləri, Amerika səfiri iştirak edib

Bakıda Beynəlxalq Söz Azadlığı Günü münasibəti ilə “Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması” mövzusunda Milli Konfrans keçirilib.

ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə keçirilən forum Beynəlxalq Mediaya Dəstək (IMS), IREX Azərbaycan, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Media Hüquqları İnstitutu tərəfindən təşkil olunub.

Konfransda ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Targay, ABŞ-ın Azərbaycandakı səfiri Riçard L.Morninqstar, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Roland Kobia, hüquq və media ekspertləri çıxış edib.

Maraqlıdır ki, konfransa dəvət edilmiş Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və digər hakimiyyət nümayəndələri foruma qatılmayıb və eyni zamanda analoji mövzulu alternativ konfrans təşkil ediblər. Həmin tədbirdə beynəlxalq və yerli institutların Azərbaycanda KİV azadlığının vəziyyətinin pis olması haqqında qiymətləndirmələri və nəticələri təkzib edilib. Əksinə, iddia edilib ki, ölkədə söz azadlığı mövcuddur və dövlət tərəfindən müdafiə olunur.

ATƏT Bakı ofisinin rəhbəri Koray Targay Azərbaycan hökumətinə ATƏT üzvlərinin söz azadlığını təmin etmək, habelə fikri ifadə etmək azadlığı hüququna hörmət etmək və bu hüququ dəstəkləmək öhdəliklərini xatırladıb.

Bu mesaj ABŞ səfiri Riçard Morninqstar tərəfindən dəstəklənib, o, dövlətdə sabitliyin azad mətbuatdan və cəmiyyətdə obyektiv debatlardan keçməsinin vacibliyini qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia etiraf edib ki, Avropada da tənqid çoxlarının xoşuna gəlmir, amma hamı başa düşür ki, azad cəmiyyətin inkişafı üçün baxışların müxtəlifliyi və onların azad şəkildə ifadə olunması zəruridir.

Söz azadlığı və KİV sahəsində Azərbaycan ekspertləri tərəfindən təqdim edilmiş hesabatlar ötən il ərzində vəziyyətin pisləşdiyini göstərib.

Ekspert Ələsgər Məmmədli nümunə kimi “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin həddindən artıq yüksək məhkəmə cərimələrini, jurnalistlərə qarşı psixoloji və fiziki hədələri göstərib.

İlin əvvəllərindən etibarən jurnalistlərə 51 hücum hadisəsi qeydə alınıb və onlardan heç birinin üstü açılmayıb, baxmayaraq ki, bütün cinayətlərin 93%-nin üstü açılır”, deyə o qeyd edib.

Diffamasiya probleminə toxunan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, 2010-cu ildən heç bir jurnalist rəsmi olaraq peşə fəaliyyətinə görə həbs olunmasa da, 8 jurnalist rüşvət tələb etmə, xuliqanlıq, narkotik saxlama kimi uydurma ittihamlarla həbsdədir.

Cinayət və Mülki məcəllələrə İnternetdə şərəf və ləyaqətə xələl gətirilməsinə görə cəza haqqında Parlamentin qəbul edəcəyi düzəlişlərə xüsusi diqqət yetirilib. Hökumətin bu təşəbbüsü Azərbaycanda söz azadlığının məhv edilməsi üzrə ardıcıl siyasətə dəlalət edir, deyə İRFS direktoru Emin Hüseynov bildirib.
Forum iştirakçıları müzakirələrin nəticəsi olaraq “İfadə azadlığı üzrə birgə bəyannamə” imzalayıb.

Sənəddə fikir və söz azadlığı ilə bağlı Azərbaycan konstitusiyasında, qanunlarda və beynəlxalq öhdəliklərdəki müddəalar xatırladılır.
Bəyannamədə media azadlığının seçki və seçkiqabağı dövrdə xüsusilə əhəmiyyətli olduğu, həmçinin senzura, təhdid, həbs və tənqidi səsləri susdurmağın digər metodlarının azad seçki ilə qətiyyən bir araya sığmadığı bir daha bəyan edilir:

- İfadə azadlığına qarşı törədilmiş qətl, ölümlə təhdid, intim xarakterli şantaj, adam oğurluğu, əsassız həbs, azadlıqdan məhrumetmə, kobud rəftar, təqib, hədə-qorxu, deportasiya, avadanlığın və ya əmlakın zədələnməsi və müsadirəsi də daxil olmaqla zorakılıq və digər cinayət əməllərinin sayının ikiqat artmasından dərin narahatlıq ifadə edilir;

- İfadə azadlığını həyata keçirən şəxslərə - jurnalistlərə, bloggerlərə, vətəndaş jurnalistlərinə, internet fəallarına, digər media nümayəndələrinə və hüquq müdafiəçilərinə qarşı zorakılığın və digər cinayət əməllərinin təkcə fərdi şəxslərə qarşı deyil, ümumiyyətlə məlumat almaq və paylaşmaq hüququna qarşı törədildiyi qeyd edilir;

- Hakim maraqların dairəsinə daxil olan məsələlərə toxunan jurnalistləri və tənqidi səsləri susdurmaq məqsədilə törədilmiş qətllərə, fiziki və mənəvi təzyiqlərə görə heç kəsin cəzalandırılmadığı cəzasızlıq mühiti qətiyyətlə pislənir;

- İfadə azadlığına qarşı cinayətləri, qanunvericiliyə reqressiv dəyişikliklərin edilməsini, tənqidi səslərin təqibi və həbsini, jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığı, bu əməllərin qarşısının alınması üçün heç bir siyasi iradənin göstərilməməsini, o cümlədən ifadə azadlığına mənfi təsir göstərən amillər kəskin şəkildə qınanılır;

- Cəzasızlıq mühitinin aradan qaldırılması və qanunun aliliyinə hörmətlə yanaşılmasını təmin etmək üçün ifadə azadlığına qarşı cinayətlərin qısa bir zamanda, obyektiv və effektiv şəkildə araşdırılmasının və cavabdehlərin məsuliyyətə cəlb olunmasının vacib olduğu qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG