Hüseyn Paşayi: Tramp administrasiyası İranla bağlı siyasətində qərarlıdır

Hüseyn Paşayi

Hüseyn Paşayi Tramp administrasiyasının İran İslam Respublikasını yeni bir müqavilə imzalamağa məcbur etmək yönündə yürütdüyü siyasətdə ciddi və qərarlı olduğunu vurğulayır. Siyasi ekspert Amerikanın Səsi ilə söhbətdə İran-ABŞ münasibətlərinin tarixini dəyərləndirməklə yanaşı hazırkı vəziyyət və İranın bölgədəki nüfuzu haqqında danışıb.

Your browser doesn’t support HTML5

Hüseyn Paşayi ABŞ-İran gərginliyini şərh edir

1979 İslan İnqilabından bəri İran-ABŞ münasibətlərindəki təlatümlərə diqqət çəkən Hüseyn Paşayi bu əlaqələrdə sürprizlərin çox olmadığını ifadə edir.

Brayan Huk kimi neokon bir siyasətçinin İran üzrə fəaliyyət qrupunun direktoru olaraq təyin edilməsi göstərir ki, İranı çox çətin günlər gözləyir.

Onun sözlərinə görə, İranla nüvə razılığından çıxan ABŞ İslam Respublikasını yeni bir müqavilə üçün müzakirəyə məcbur etmək istəyir:

“ABŞ bu istiqamətdə üç hədəf müəyyənləşdirib. Birincisi nüvə razılığına görə qaldırılan sanksiyaların təkrar bərpa edilməsidir. İkinci hədəf, İranın ballistik raket proqramı ilə əlaqəlidir. Tramp administrasiyası deyir ki, nüvə razılığında bu mövzuya diqqət yetirilməmişdi. Yəni İranın ballistik raket proqramının məhdudlaşdırılmasını istəyir. Üçüncüsü isə, ABŞ İrandakı etirazçıları və insan hüquqlarına dair tələblərini dəstəklədiyini deyir.”

Ankara Universitetinin araşdırmaçısı hazırkı administrasiyanın Obama dönəmi ilə xeyli fərqləndiyini vurğulayır.

“Obama dönəmi Amerika siyasətində çox özəl bir dönəm idi. Bunu İranın xarici işlər naziri Cavad Zərif də demişdi. O, demişdi ki, biz Obama Amerikasının dəyərini bilmədik. Belə dönəmlərə tarix də çox az rastlana bilərik,” o, qeyd edir.

ABŞ artıq razılıq deyil, bir müqavilə istəyir ki, Amerikanın bölgədəki müttəfiqlərini təhdid edən İranın ballistik raket proqramını da məhdudlaşdırsın.

Hüseyn Paşayinin sözlərinə görə, “Dövlət Departamentinin İran üzrə fəaliyyət qrupunun direktoru Brayan Hukun da dediyi kimi, ABŞ artıq razılıq deyil, bir müqavilə istəyir. Elə bir müqavilə ki, Amerikanın bölgədəki müttəfiqlərini təhdid edən İranın ballistik raket proqramını da məhdudlaşdırsın.”

O, əlavə edir ki, indiyədək Tramp administrasiyası İranla bağlı siyasətində çox ciddi olduğunu aydın edib. Paşayinin sözlərinə görə İranla bağlı mövqeyinə görə tanınan Brayan Hukun İran üzrə fəaliyyət qrupunun direktoru olaraq təyin edilməsi göstərir ki, İslam Respublikasını qarşıda çətin sınaqlar gözləyir.