Keçən dekabr və yanvar aylarında İranda iqtisadi vəziyyət və qadın hüquqları ilə bağlı baş qaldıran etirazlar dağınıq şəkildə olsa da hələ müxtəlif şəhərlərdə davam edir. Bəzi müxalif qruplar başda Təbriz olmaqla, İran Azərbaycanında diqqətəlayiq etirazların baş vermədiyindən narahatlıqlarını ifadə edirlər. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Bulut Ələmdar bu barədə Amerikanın Səsinə müsahibə verib.
Etirazlar var. Həbslər və ölümlər də var... Amma bizi ittiham etdikləri qədər ki, siz susubsunuz və biz küçələrdəyik, elə də deyil.
Bulut Ələmdarın fikrincə, türklərdən əlavə bu etirazlara qatılmaqla bağlı təmkinli davranan bir çox etnik icmalar və ictimai siniflər var.
“Etirazlar var. İqtisadi sıxıntı, banklar və maliyyə müəssisələrində korrupsiya və oğurluq, neft pulunun oğurlanması, İran rəsmilərinin uşaqlarının Qərb ölkələrində lüks həyat yaşamaları ciddi etirazlara səbəb olub. Həbslər var, ölümlər də var... Amma bizi ittiham etdikləri qədər ki, siz susubsunuz və biz küçələrdəyik, elə də deyil.”
Ələmdarın sözlərinə görə faktiki olaraq hərəkat İslam Respublikası ilə üz-üzə, qarşı-qarşıya savaşır. "Küçələrə çıxıb etirazlarımızı etmişik. Tutulanlarımız, şəhidlərimiz, universitetdən ya iş yerindən atılanlar vardır. Ölkədən çıxmağa məcbur olanlar vardır," o deyir.
Son vaxtlar, İran Azərbaycanında bəzi yerli məsullar və din xadimləri türk dil hüquqlarına diqqət çəkirlər. Bunun İranda cərəyan edən küçə etirazları ilə əlaqəli olduğunu düşünənlər var. Bəzi fəallara görə, mühafizəkar siyasətçilər mövcud vəziyyətdə əlahi arasında nüfuzlarını artırmağa çalışırlar.
Bu gün biz bundan çəkinməliyik ki, biz türklər küçəyə çıxdığımızda, bu qorxu var ki, bunlar hamısı birləşib təkrar bizə hücüm edələr.
Amma, Bulut Ələmdarın dediklərinə görə, “bunu bugün gətirib müstəqim bu etirazlar və aksiyalara bağlamaq, mənim fikrimcə, doğru deyil. Zamanında Əhmədinejad da türk dil və ədəbiyatı kurslarının açılacağına dair vəd verirdi. Ruhaninin də belə sözləri olmuşdu. Bizim məsələmiz mühafizəkar ya islahatçılar deyil. Onlar işlərinə gəldiyində, öz mənfəətlərini nəzərə alaraq belə sözlərdən deyə bilərlər.”
Ələmdar müasir tarixdə türklərin bir dəfələrlə siyasi etiraz başlatdıqlarını amma sonunda onlara digər bölgələrdən dəstək gəlmədiyini ifadə edir.
“Pişəvəri dönəmində şahçılar, mollalar və digər qruplar birləşir, bizim o zaman əldə etdiyimiz demokratik haqlarımızı pozurlar. Müsəlman Xalq Hərəkatı dönəmində, Xomeyninin yanında durub və din hakimiyyətini istəməyən Təbrizi vururlar... Bu gün biz bundan çəkinməliyik ki, biz türklər küçəyə çıxdığımızda, bu qorxu var ki, bunlar hamısı birləşib təkrar bizə hücüm edələr,” o əlavə edir.