Harvard tələbələri Bəxtiyar Hacıyevin ad gününü keçirib

Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub. O həbsini siyasi sayır.

"Harvard Kennedi Məktəbi Vaşinqtonda” adlı qrup həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ad gününü qeyd edib. Martın 28-i Vaşinqtonda keçirilən toplantıda məhbusun qrup yoldaşı Rob Ness nitq söyləyib. Məclisdə üzərində “Ad gününə Bəxtiyarı azad edin”, “Ad günün mübarək, Bəxtiyar” yazılan tortlar kəsilib, təbriklər səsləndirilib. Bu barədə Media Forum saytı məlumat yayıb.

Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Bəxtiyar Hacıyev 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub. O hazırki iqtidarın fəaliyyətini kəskin tənqid edib və seçkilərdə saxtalaşdırma halları ilə bağlı videogörüntülər yayıb. Bəxtiyar Hacıyev müxalif gənclərin “11 mart- Böyük Xalq Günü” virtual etiraz aksiyasının təsisçilərində biri olub.