Accessibility links

Harvard Universitetinin 900 nəfər müəllim və tələbəsi Bəxtiyar Hacıyevə azadlıq istəyir


Martın 29-da məhkəmə Bəxtiyar Hacıyevin şərti azadlığa buraxılması ilə bağlı müraciətinə baxacaq.

Harvard Universitetinin Kennedi məktəbinin və hüquqşünaslar məktəbinin professor-müəllim heyətinin nümayəndələrindən ibarət qrup növbəti dəfə Azərbaycan prezidenti İlham Əliyevi bu ali məktəbin məzunu olan Bəxtiyar Hacıyevi həbsdən azad etməyə çağırıb.
O, fəal vətəndaş mövqeyi, ictimai fəaliyyəti və sosial şəbəkələr vasitəsilə siyasi çağırışları ilə məşhurdur. 2011-ci ilin martında Hacıyev həbs edilib və sonradan orduda xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin, Harvard Universiteti nümayəndələrinin müraciətində qeyd edilir ki, Amnesty İnternational və Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatları Hacıyevi “vicdan məhbusu” kimi tanıyıb.
Harvard Universitetinin 900-ə yaxın tələbəsi və müəllimi Hacıyevin azad edilməsi barədə müraciəti imzalayıb. Müraciət müəllifləri Hacıyevin səmimiyyətinə və özünü Azərbaycanın maraqlarına həsr etdiyinə inanır.
Qeyd edək ki, sabah, martın 29-da Hacıyevin saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində onun cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətinə baxılması məqsədilə Qaradağ rayon məhkəməsinin səyyar iclası keçiriləcək.
Lakin, Hacıyevin ictimai müdafiəçisi, Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri İntiqam Əliyev bildirib ki, müdafiə tərəfi prosesin Qaradağ rayon məhkəməsində keçirilməsi haqqında vəsatət qaldırır. Buna baxmayaraq məhkəmə cəzaçəkmə müəssisəsində keçirilərsə, müdafiə tərəfi ictimaiyyət nümayəndələrinin iclasa buraxılmasında israr edir.

XS
SM
MD
LG