Haray: Azərbaycanda və İranda yaşayan gənclər arasında əlaqələr

Haray: Azərbaycanda və İranda yaşayan gənclər arasında əlaqələr

Bu həftə Haray proqramını Azərbaycanda və İranda yaşayan azərbaycanlı gənclər arasında əlaqələrə həsr etmişik. “Dalğa” gənclər hərəkatının həmtəsisçisi Ramin Hacılının sözlərinə görə, gənclərin mübarizəsi azadlıq uğrundan olsa da, mübarizə sistemi fərqlidir. Ramin Hacılı ilə müsahibəni sizə təqdim edirik

Sual: Azərbaycan gəncləri və İranda yaşayan Azərbaycab gəncləri arasındakı münasibətlər sistemi indi necədir?

Cavab: Çox təəssüf ki, Azərbaycan gəncləri ilə İranda yaşayan Azərbaycan gəncləri arasında ciddi mənada hər hansı əlaqə yoxdur. Güneydən Azərbaycana gələn gənclərin çoxu özünü ifadə etmək və öz azadlıqlarını təsdit etmək üçün gəlirlər. Əsas məqsədləri burada əylənmək və öz azadlıqlarının dadını çıxartmaq olur. Amma buradan da güneyə hər hansı bir milli maraqlar üçün, əlaqələr qurmaq üçün və demokratik arzularla gedənlər də çox azdır. Biz çalışırıq ki, belə əlaqələr quraq və Güney Azərbaycandan olan gənclərlə əlaqələrimiz var. İnternet vasitəsilə onlarla danışırıq və onlar barəsində həqiqətləri həm Azərbaycan xalqına, həm də dünya ictimaiyyətinə çatdırmağa çalışırıq.

Sual: Baxışlar arasında fərqlər nədən ibarətdir? İranda yaşayan azərbaycanlı gənclərin baxışları ilə, Azərbaycan Respublikasında yaşayan azərbaycanlı gənclərin baxışların arasında fərqli və oxşar cəhətlər nədən ibarətdir?

Cavab: Kütlələr arasındakı fərq dərindir. Yəni, gənclərin gündlik həyatlarındakı fərq çox böyükdür. Şimalda yaşayan gənc ölkəsini tərk etməyə hazır olan və saxta dəyərlərlə tərbiyə olunan gəncdir. Güneydə yaşayan isə qarşısında təhlükəli bir maşının olduğunu hiss edən gəncdir. Amma ziyalı gənclər arasında çox oxşarlıqlar var. Hər ikisinin arzusu azad olmaqdır.


Sual: Mübarizə sistemləri arasında fərqli və oxşar cəhətlər nədir? Təbii ki, İranda yaşayan azərbaycanlı gənclərin mübarizə sistemləri dini rejimə qarşı, öz mədəni azadlıqları uğrunda mübarizə sistemidir. Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların isə mübarizə sistemləri tamamilə başqa istiqamətdədir. Yəni Qərbə inteqrasiya mübarizə sistemidir. Bunların bir-birinə oxşarlığı və fərqli cəhətlərini necə izah edərdiniz?

Cavab: Güneydə mübarizə aparanlar daha çox öz milli maraqları kontekstində mübarizə aparır və bu radikal mübarizə üsuludur. Çünki belə də olmalıdır. Xalqın assimilyasiyaya məruz qalması prosesi mövcuddur. Şimalda isə müstəqil dövlət var və bu müstəqil dövlətin artıq demokratikləşmə prosesi olmalıdır. Bu proses isə dövlətə nəzarət gedərək kiçilməsi və vətəndaş cəmiyyətinin güclənməsindən keçir.


Sual: Azərbaycan Respublikasının gənclər təşkilatları İranda yaşayan azərbaycanlı gənclərin hüquqlarının müdafiəsi sahəsində hansı işləri görürlər? Mənə məlumdur ki, “Dalğa” gənclər hərəkatı bu yaxınlarda İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirdi. İranda azərbaycanlı qadının və yaxın qadının basdırılaraq daşqalaq edilməsi səhnəsini göstərdi və geniş rezonans doğurdu. Belə aksiyalar davam edəcəkmi?

Cavab: Nə qədər ki, İranda bu cür hadisələr baş verəcək biz də buna cavab olaraq öz sözümüzü, öz aksiyamızı və fikrimizi səsləndirməyə davam edəcəyik. Güneydəkilərin Şimaldakılara çox böyük ümidləri var. Biz bunu qırmamalıyıq. Əksinə biz bu ümidlərin əbəs olmadığını nümayiş etdirməliyik.


Sual: Azərbaycan Respublikasının gənclərinin İranda yaşayan azərbaycanlı gənclərə informasiya dəstəyi varmı? Onların problemlərini Avropa təşkilatları qarşısında, dünyada mövcud olan demokratiya uğrunda mübarizə aparan təşkilatlar qarşısında qaldıra bilirmi? Çünki o gənclərin belə təşkilatlara çıxışları göründüyü kimi çox azdır?

Cavab: Yox əslində Güney Azərbaycanla bağlı kifayət qədər təşkilatı güneylilər özləri qurublar. Onların gördüyü işlər daha ciddidir. Məsələn Güney Azərbaycan Milli Oyanış hərəkatı, Güney Azərbaycan Demokrat Partiyası və s. saymaq olar ki, Avropada və Azərbaycanda, Türkiyədə, Amerikada çox ciddi təşkilatlanmaları, şəbəkələri var və Güney Azərbaycandan məlumatları alıb bu yerlərə ötürə bilirlər. Bizdən də nə kömək lazım olursa, əlimizdən gələni edirik.