Gənclər təşkilatları azad və ədalətli seçki mühiti olmadığını bildirir

Siyasi məhbuskların azadlığı ilə bağlı aksiya

Gənclər hakimiyyəti inzibati qaydada həbsləri dayandırmağa, seçki məhbuslarını azad etməyə, sərbəst toplaşmaq və ifadə azadlığını təmin etməyə, gənclərə qarşı təzyiqləri dayandırmağa səsləyir

Azərbaycanda prezident seçkisinin keçiriləcəyi il olmasına baxmayaraq, hazırda ölkədə azad və ədalətli seçki keçirmək üçün mühit yoxdur. Seçki mühitinin yoxa çıxması 2013-cü ilin əvvəlində gənclər tərəfindən təşkil olunmuş və gənclərin iştirakı ilə keçirilmiş kütləvi aksiyalarda iştirak edən gənclərin cərimələnməsi ilə başladı. Bu barədə gənclər təşkilatlarının birgə bəyanatında deyilir.

Sənədi AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, NİDA vətəndaş hərəkatı, VHP Gənclər Təşkilatı, Dalğa Hərəkatı, Müsbət Dəyişiklik Gənclər Hərəkatı, Gənclər Klubu İB, Azad Gənclik Təşkilatı imzalayıb.

Gənclər təşkilatları cərimələri gənclərin sərbəst toplaşmaq azadlıqlarından istifadəsinə ciddi sədd olduğunu bildirir.

“Daha sonra gənc fəalların, gənclərin siyasi proseslərdə iştirakına əhəmiyyətli töhfə verən gənclərin qondarma ittihamlarla həbs edilməsi siyasi fəallığı daha da boğdu.

Biz, qondarma ittihamlarla həbs edilmiş gəncləri seçki məhbusları sayır, onların həbsdə olduqları təqdirdə keçiriləcək seçkiləri azad və ədalətli seçkilər olaraq tanıya bilməyəcəyimizi bəyan edirik”, sənəddə qedy edilir.

Sənəddə eyni zamanda prezidentliyə namizəd olacağını bəyan etmiş İlqar Məmmədovun, prezidentliyə namizəd olacağını bəyan etmiş Müsavat başqanının müavini Tofiq Yaqublu və müşaviri Yadigar Sadıqovun həbsdə olmasını pislənir.

“Biz, bunu hakimiyyətin öz rəqiblərini seçki mühitindən uzaqlaşdırması kimi qiymətləndiririk. Eyni zamanda, həm jurnalistlərin, həm məmur özbaşınalığına qarşı regionlarda keçirilən etiraz aksiyalarında iştirak edən şəxslərin, həm də dindarların hələ də həbsdə saxlanılmasını pisləyirik”.

Gənclər təşkilatları Azad Fikir Universiteti layihəsi kimi gənclərin alternativ təhsil aldıqları, aktual məsələlərin müzakirə edildiyi, məsuliyyətli və məlumatlı gənc vətəndaşların yetişdiyi məkanların da bağlanmasından təəssüflənir.

“Biz, bu addımı gənclərin müzakirə meydanlarından uzaqlaşdırılması kimi qəbul edirik və Azad Fikir Universitetinin fəaliyyətinin bərpa olunması üçün addım atmağa çağırırıq”, bəyanatda deyilir.

Gənclər prezident seçkiləri ərəfəsində hakimiyyəti tənqid edən jurnalistlərin intim görüntülərinin yayılmasını qətiyyətlə pisləyir, azad və ədalətli seçkilər keçirəcəyini bəyan edən ölkə üçün bunu utanc verici hadisə kimi qiymətləndirir.

Gənclər təşkilatları beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin, aparıcı dövlətlərin səfirliklərinin də Azərbaycanda demokratik institutların formalaşması üçün mövqe nümayiş etdirməsini gözləyir, onları müvafiq addımlar atmağa səsləyir.

“Biz, Azərbaycan hakimiyyətini gənclərin inzibati qaydada həbs edilməsini dayandırmağa, həbsdə olan seçki məhbuslarını azad etməyə, sərbəst toplaşmaq və ifadə azadlığını təmin etməyə, gənclərin siyasi proseslərdə iştirakına görə onlara edilən təzyiqləri dayandırmağa səsləyirik. Eyni zamanda, bütün tərəfləri ədalətli və mənəvi dəyərləri aşmayan seçki kampaniyası aparmağa səsləyirik”, sənəddə qeyd edilir.

Öz növbəsində, iqtidar rəsmiləri ölkədə azad, ədalətli və demokratik seçki mühitinin olduğunu bəyan edir. Prezident Əliyev ölkədə demokratik islahatların geniş vüsət aldığını, media azadlığının təmin edildiyini və bütün dövrlərdə demokratik, azad seçki keçirildiyini bildirib.

Rəsmilər həmçinin ölkədə insanların siyasi baxışlarına görə həbs edilmədiyini bəyan edir.