Keçmiş nazirin atasının abidəsi demontaj edilib

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun Şərur rayonunda liseyin önündəki abidəsi götürülüb. Naxçıvanda fəaliyyət göstərən jurnalist, ictimai fəal Həkimeldostu Mehdiyev bu haqda Facebook səhifəsində yazıb.

Əhməd Mahmudovun abidəsi demontaj edilib

Yerli sakinlər də büstün götürüldüyünü Amerikanın Səsinə təsdiq edib.

Ə.Mahmudovun abidəsinin sökülməsinə Naxçıvanın tikinti naziri Asəf Məmmədov başçılıq edib. Nazirin göstərişilə fəhlələr tanınmış alimin büstünü texnikanın gücü demontaj ediblər.

Ə. Mahmudov 1923-cü ildə Naxçıvanın Gəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olub. Ə.Mahmudov 1989-cu il mayın 8-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Eldar Mahmudov noyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Rəsmi məlumatlara görə nazirliyin 7 yüksək vəzifəli əməkdaşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə şübhəli bilinərək həbs edilib.

Yerli medianın məlumatına görə isə “MTN işi” ilə bağlı azı 15 nəfər həbs edilib. Yerli media qeyri-rəsmi mənbələrə əsaslanaraq həbs edilənlərin yüksək vəzifəli dövlət rəsmilərinin, buiznesmenlərin telefon danışılarını qanunsuz olaraq dinlədiklərini yazır.