ATƏT Azərbaycanı müstəqil media və insan haqları fəallarına qarşı təqibləri dayandırmağa çağırır

Dunya Miyatoviç

ATƏT-in media və insan hüquqları ofisi Azərbaycan hökumətin müstəqil media və hüquq müdafiəçilərinə qarşı intensivləşmiş təqibləri dayandırmağa çağırıb.

“Praktiki olaraq bütün müstəqil media nümayəndələri və media QHT-ləri məqsədyönlü şəkildə, bəzən də əsassız və narahat doğuran ittihamlarla təqib olunur”-deyə ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviç bəyanatında bildirib.

Dunya Miyatoviç bu bəyanatı blogger Mehman Hüseynovun Bakı beynəlxalq hava limanında ATƏT-in dəvəti ilə Cənubi Qafqaz Media Konfransında iştirak etmək üçün Gürcüstana yola düşdüyü vaxt saxlandıqdan sonra verib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi institunun əməkdaşı olan Mehman Hüseynov bir neçə saat dindirildikdən sonra azad edilib. 2012-ci ildə polisə müqavimət göstərmək və təhqir etməkdə ittiham edildikdən sonra onun üç il müddətinə səfərlərinə qadağa qoyulmuşdu.

Dunya Miyatoviç deyib ki, Azadlıq radiosunun jurnalisti Xədicə İsmayılova da Tbilisidə konfransa dəvət olunub, lakin bundan əvvəl onun səfərlərinə qadağa qoyulduğu üçün tədbirdə iştirak edə bilməyəcək.

“Mən Azərbaycan rəsmilərinə azad mediaya düşmən münasibətə son qoymaq haqda çağırışımı təkrar edirəm”-deyə Dunya Miyatoviç bildirib.

Dunya Miyatoviç Cənubi Qafqaz Media Konfransında iştirak etmək üçün Tbilisidədir.