Cəmil Həsənli: Kriminal idarəçiliyin tüstüsü ölkəni bürüyür, alovu ərşü-əlayə qalxır

Cəmil Həsənli: Korrupsioner şəbəkə hakimiyyətdə mövqeyini qoruyub saxladı

Milli Şuranın sədri ölkədə insanların nümayişkaranə şəkildə intiharlarına münasibət bildirib
Milli Şuranın sədri Cəmil Həsənli son zamanlar insanların özlərini nümayişkarənə şəkildə yandırmasına münasibət bildirib.

O Facebook səhifəsində yazır:

“Bu gün Məleykə Bayramlı adında daha bir Azərbaycan vətəndaşı şəhərin mərkəzində od vurub özünü yandırdı. Artıq biz hər gün insanların özünü yandırması haqqında məlumatlar alırıq. Qarabağ qazilərinin alov bürümüş bədənlərinin saçdığı atəş az qala ekranları da yandırsın. Bunları görməyən, özünü alova bürümüş insanların odununa qızındıranlar ölkəni bu vəziyyəti salmalarından utanmalıdırlar, bu atəşin onları da bürüyəcəyinin fərqində olmalıdırlar. Ölkənin dövlət idarəsində, məhkəməsində, polisində prokurorluğunda qanun görməyən, ədalət tapmayan insanlar çıxış yolunu oda tapınmaqda görürlər.

Bu dəhşətli faciədir. Belə getsə ölkəmizi alov bürüyəcək. Heç kəs özünü bu yanğın dalğasından uzaq hesab etməsin. Korrupsioner, kriminal idarəçiliyin yeritdiyi siyasətin tüstüsü bütün ölkəni bürüyür, alovu ərşü-əlayə qalxır. Yanan insanlardır. Görünür bu yanğın dalğası prezident aparatına çatana qədər İlham Əliyev dözümlülük göstərəcək, analoqsuz inkişaf haqqında nağılları təkrarlayacaq. Xalqdan səlahiyyət almayan, hakimiyyəti mənimsəyən, xalq qarşısında məsuliyyəti olmayan bir iqtidarın siyasətidir yanan, indi insan qoxulu tüstüsü hər tərəfi bürüməkdədir. Azərbaycan vətəndaşının Azərbaycan neftindən nəsibi özünü alova bürüyəcək bir butulka benzin qədərdir”, Həsənli qeyd edir.

Xatırladaq ki, yanvar ayında ölkədə iyirmidən çox intihar edib. Onların bəziləri nümayişkaranə şəkildə etiraz olaraq özünü yandırıb.