Beynəlxalq Bankın sabiq sədrinin həbs müddəti artırılıb

Cahangir Hacıyev

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həbs müddəti artırılıb.

Trend agentliyinin məlumatına görə, C.Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 3 ay artırılması barədə qərar Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Martın 4-də C.Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması barədə istintaq orqanının Nərimanov rayon Məhkəməsinə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və C.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 4-dək uzadılıb.

Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə dekabrın 5-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Məhkəmənin C.Hacıyev barəsində çıxardığı 3 aylıq həbs qətimkan tədbiri qərarının müddəti bu il martın 5-də bitməli idi.

C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 312-ci (rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.