Martın 18-də Azərbaycan Beynəlxalq Bankının Idarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib. Bu barədə Azərbaycan Beynəlxalq Bankının rəsmi internet saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barədə ərizəsi təmin edilib.
İdarə Heyəti sədrinin vəzifəsi müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.
Azərbaycan dövlətini Bankda təmsil edən Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.
Azərbaycan Beynəlxalq Bankı ölkənin ən böyük bankı, Cahangir Hacıyev isə ən reytinqli bankirlərindəndir.
Cahangir Hacıyevin istefası manatın devalivasiyaya uğramasından bir neçə həftə sonraya təsadüf edir. Manat devalivasiyaya uğradıqdan sonra ölkənin bank sistemindəki yüksək kredit faizləri əhali, siyasi liderlər tərəfindən kəskin tənqidlərə məruz qoyulur. Ekspertlər əhalinin banklara on milyonlarla borcunu ödəyə bilmədiyini bildirir.
Ölkənin maliyyə bazarının 30 %-dən çoxunu əhatə edən Beynəlxalq Bankın kredit portfeli 2012-ci il maliyyə nəticələrinə görə 4 milyard manatdan artıq olub. Qeyd edək ki, bank kredit portfelini bazarda mövcud faiz stavkasından aşağı - 18-19 %-lə verir. Başqa banklarda bu, 23-24 % civarındadır.
Bununla yanaşı, Azərbaycan ərazisində verilən kreditlərin 34 %-i bu bankın payına düşür. 2013-cü il iyulun 31-nə, bankın aktivləri 6.42 milyard manata çatıb. Amma manatın 2015-ci ilin fevralında 34 faiz ucuzlaşmasından sonra bankın ziyanları barədə rəsmi məlumat açıqlanmayıb.
Beynəlxalq Bank 1992-ci ilin 30 dekabrından fəaliyyətdədir.
Bankın 35 filialı, 42 şöbəsi, 4 xidmət bölməsi və 1 valyuta mübadiləsi şöbəsi fəaliyyətdədir. Bankın 709 bankomatı, 7 399 Pos-terminalı xidmət edir. 1401 nəfər işçi heyəti var.
Beynəlxalq Bank 13 871 hüquqi, 887 712 fiziki şəxs müştəriyə xidmət edir.