Azərbaycanın ən böyük bankı özəlləşdirməyə çıxarılacaq. Belə ki, iyulun 15-də prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalayıb.
Fərmanda deyilir ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub.
“Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb”, sənəddə deyilir.
Prezident bankın maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvafiq qurmlara tapşırıqlar verib.
Xatırladaq ki, Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev bu il martın 18-də istefa verib.
Son aylar Beynəlxalq Banka olan kredit öhdəliklərini ödəyə bilməyən və ya ödəməkdən yayınan çoxsaylı sahibkarların istintaqa çağırılması ilə bağlı məlumatlar yayılıb. Həbs olunanlar da var. Onlardan biri də bankın Dubaydakı keçmiş nümayəndəsidir.
Qeyri-rəsmi mənbələrə görə, bankın problemli kreditləri bir neçə milyard manat təşkil edir.
Azərbaycan Beynəlxalq Bankı (ABB) 1990-cı ildən fəaliiyyətdədir. Maliyyə Nazirliyi bankın əsas səhmdarıdır və səhmlərin 50.2% ona məxsusdur. Bank Azərbaycan bank sisteminin yekun aktivlərinin 40-50 % qisminə sahibdir. Azərbaycan ərazisində fəaliyyət göstərən 10 böyük banklar arasında isə ABB yekun aktivlərin 44.2% qisminə, kreditlərin 47.6% qisminə, istehlakçı kreditlərinin 15.7% qisminə, əmanətlərin 39.4% qisminə, kapitalın 30.5% qisminə və bank sektoru üzrə mənfəətin 44.3% qisminə malikdir.
Bankın mənzil qərargahı Bakı şəhərində yerləşir, 40-dan çox şəhərdə 36 filiala və 95 xidmət məntəqəsinə malikdir. Cənubi Qafqaz regionunda olan banklar arasında, ABB ən çox aktivə, müştəri bazasına və beynəlxalq əməliyyatlar portfelinə malik bir qurumdur. ABB-nin 30 mindən çox korporativ və 400 min fərdi müştərisi mövcuddur. ABB-də 1 300-dən çox insan çalışır.