Biznesmen Adil Hüseynova qarşı CM-in 178.3.2-ci (fırıldaqçılıq, böyük ölçüdə ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda Bakının Nərimanov rayon Məhkəməsində onun məhkəməyə qədərki həbsi məsələsinə baxılır, bu barədə Turan-a vəkil Kamandar Nəsibov bildirib.
A.Hüseynov dünən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Vəkil Hüseynovun Azərbaycan Beynəlxalq Bankının Dubay nümayəndəliyinin rəhbəri olduğu barədə məlumatı təsdiq etməyib.
Vəkilin sözlərinə görə, Hüseynov Dubayda xarici şirkətlərdən biri üçün böyük kredit götürməkdə və pulu banka qaytarmamaqda ittiham olunur. Hüseynov bu şirkətin meneceri olub.
Adil Hüseynov Daxili İşlər Nazirliyi sistemində məsul vəzifələr tutmuş və 2004-cü ildə Hacı Məmmədovun qanqster bandası tərəfindən qətlə yetirilmiş məşhur polis zabiti Fətulla Hüseynovun oğludur.
Xatırladaq ki, son günlər ölkənin bir sıra iri şirkətlərinin sahibləri böyük həcmli kerdit öhdəliklərini ödəmədiklərinı və vergidən yayındıqlarına görə hüquq-mühafizə orqanlarına dəvət edilir.
Yerli media son günlər “Azimport” şirkətinin həmtəsisçisi Rəşad Məmmədovun və onun qohumu Əsgər Məmmədovun, “Azərinşaat” MMC-nin direktoru Mehdi Əliyevin, Şəki İcra Hakimiyyətinin keçmiş rəhbəri Murad Cabbarlı və Əbdül Ansuxskinin (90-cı illərin əvvəlində qətlə yetirilmiş deputat və iş adamı Əli Ansuxskinin oğlu) və başqalarınıbn saxlanması barədə məlumatlar yayıb. Meidia həmçinin PNN Group-un təsisçisi Nizami Piriyevin də həbs olunduğunu bildirir. Amma rəsmi qurumlar medianın xəbərlərinə hələ şərh vermir.
Eyni zamanda ölkədə tanınmış “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verdiyini təsdiq edib.
"Mənə qarşı cinayət işi qaldırılmayıb. Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur", o, APA agentliyinə bildirib.
Xatırladaq ki, sahibkarların kredit öhdəlikləri ilə bağlı problemlərin araşdırılması Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev iki ay öncə vəzifəsindən kənarlaşdırıldıqdan sonra başlanıb.
Rəsmi məlumatlara görə, ölkədə problemli kreditlərin həcmi 1,2 mlrd. manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankına qaytarılmayan kreditlərin həcmi isə 1,1 mlrd. manatdır.
Bir çox iqtisadçılar sahibkarların saxlanmasının davam edəcəyini bildirir.
İqtisadçı ekspert Natiq Cəfərli Facebook səhifəsində yazır ki, son həbslər hətta hakimiyyətin “qanadı altında” fəaliyyət göstərənlərin belə biznesi üçün zəmanətin olmadığından xəbər verir.
“Azərbaycanda bütün məmurlar kiçik və ya böyük biznesmenlərdir. Onlar bilməlidirlər ki, istənilən vaxt hər şeyləri, hətta azadlıqları da əllərindən alına bilər. Əvvəllər yerli və xarici biznesmenlər özlərinə “arxa” axtarmağa və işlərini bu yolla qurmağa çalışırdılar. İndi bu sxem də işləmir. Bu, hələ başlanğıcdır və “müharibə” yeni qızışır”, Cəfərli yazıb.