Accessibility links

Qubad İbadoğlu: Şübhəli borclar ümidsiz borlcara çevrilməkdədir


Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı ekspertləru Azərbaycanda iqtisadiyyatda kredit qoyuluşlarının aşağı düşdüyünü, vaxtı keçmiş borcların artdığını bildirir.

Mərkəzi Bankın son açıqlamasına görə, 2015-ci il mayın 1-nə ölkə üzrə cəmi kredit qoyuluşları 20 milyard 595 milyon 500 min manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 36,8 milyon manat və ya 0,18 faiz azdır.

Kredit qoyuluşunda cari ilin mart-aprel aylarındakı müşahidə olunan artımdan sonra may ayında müşahidə olunan azalma işgüzar aktivliyin aşağı düşməsi faktı kimi də qiymətləndirilə bilərdi. Lakın, təhlillər göstərir ki, azalmanın baş verməsi əsasən banklarda olan manat qıtlığı səbəbindən manatla yeni kredit xəttlərinin açılması ilə bağlıdır. Bu tendensiya bu ilin yanvarından başlamış və fevral devalvasiyasından sonra daha da sürətlənmişdir. Belə ki, yanvar ayınin əvvəlinə olan vəziyyətlə müqayisədə mayın əvvəlində manatla olan kredit qoyuluşları 1 milyard 543 milyon 400 min manat azalıb.

İqtisadiyyat üzrə elmlər doktoru Qubad İbadoğlu hesab edir ki,
kredit qoyuluşlarının azalması ilə yanaşı vaxtı keçmiş borcların da artması bankların kredit portfelini idarəetmə riskinin yüksəlməsinin göstəricidir.

“Bu ilin mayın 1-nə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 2013-cü ilin mart ayından sonra ən yüksək səviyyədə - 6,1 faiz olub. Həmin tarixə qeydə alınan vaxtı keçmiş kreditlərin valyutalar üzrə təhlili göstərir problemli kreditlərin çox hissəsi manatla olan kreditləşmədə (ümumi yekunda payı 7,1 faiz), az hissəsi isə xarici valyuta ilə olan kreditlərdə (cəmdə xüsusi çəkisi 4,67 faiz) qeydə alınıb”.

Ekspertin fikrincə, vaxtı keçmiş kreditlərin kredit qoyuluşlarının müddəti üzrə təhlili də maraqlı nəticələr təqdim edir.

“Belə ki, manatla qısamüddətli kredit qoyuluşları üzrə vaxtı keçmiş kreditlərin payı 13,4 faiz, xarici valyuta ilə vaxtı keçmiş kreditlərin ümumi yekunda payı 7,4 faiz qeydə alınıb. Göründüyü kimi, ümumiyyətlə qısa müddətli kredit qoyuluşları üzrə bu göstərici orta səviyyədən (6,1 faizdən) xeyli yuxarıdır. Deməli, vaxtı keçmi kreditlər əsasən istehlak kreditləşməsində müşahidə olunur. Bu isə o deməkdir ki, vaxtında kreditini qaytara bilməyən vətəndaşların sayı durmadan artır”.

O hesab edir ki, bu indikator həm də ölkədə sosial vəziyyətin ağırlaşmasının göstəricisi sayıla bilər.

“Təəssüflər olsun ki, banklara olan borclarına tərkibində şübhəli və ümidsiz kreditlərin payı açıqlanmadığından biz vəziyyəti tam qiymətləndirə bilmirik. Lakin, aydın xətt üzrə müşahidə olunan daha bir təhlükəli tendensiya da mövcuddur ki, getdikcə şübhəli borclar ümidsiz borlcara çevrilməkdədir”, Ibadoğlu qeyd edib.

Mərkəzi Bank ekspertin fikirlərinə hələ münasibət bildirməyib.

Xatırladaq ki, son zamanlar kredit borcları ilə bağlı yüzlərlə insanın istintaqa çağırılması barədə yerli media çoxsaylı məqalələr dərc etməkdədir. Qeyri-rəsmi mənbələrə istinadən yalnız Azərbaycan Beynəlxalq Bankından götürülmüş 6,5 milyard dollar məbləğində kreditin vaxtında qaytarılmadığı qeyd olunur.

XS
SM
MD
LG