Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iş adamı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimovu (Nehrəmli) mayın 16-da yenidən saxlayıb. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə haqqın.az saytına məlumat verib.
Məlumata görə, Hacı İbrahim dünən axşamdan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılır. Hacı İbrahim bundan əvvəl saxlanılarkən müəyyən problemlərin olduğunu etiraf etmişdi: "Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar Island” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur", o bildirmişdi.
Rəsmi qurumlar İbrahim İbrahimovun saxlanması ilə bağlı məlumat yaymayıb. Ümumilikdə son günlərdə banklara böyük həcmli kredit öhdəliyini yerinə yetirməyən və ya vergidən yayınma ilə saxlanan iş adamları barədə rəsmi orqanlar şərh vermir. Halbuki onların bəzilərinin vəkilləri saxlandıqlarını və ittiham irəli sürüldüyünü təsdiq edib.