Accessibility links

Qubad İbadoğlu Konstitusiya Məhkəməsinin kreditlərin qaytarılması barədə qərarını şərh edib


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

"​Hesab edirəm ki, bu səhv yanaşmadır. Çünki, bankdan götürülən pul müxtəlif valyutalara, eləcə də əmtəəyə, yenidən pula transformasiya olunaraq müxtəlif funkisiyalar yerinə yetirir, mülkiyyət isə münasibətlər prosesində formasını dəyişsə də eyni funksiyaya malik olur". Bu sözləri Konstitusiya Məhkəməsinin kreditlərin qaytarılması ilə bağlı qərarını Amerikanın Səsinə şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Mayın 16-da Konstitusiya Məhkəməsi (KM) qərara alıb ki, 2015-ci il fevralın 21-dək, yəni manatın devalvasiyasına qədər hüquqi və fiziki şəxslərin xarici valyuta ilə götürdükləri kreditlər borcun qaytarıldığı an üçün mövcud məzənnə üzrə ödənilməlidir. Bununla da KM kreditin götürüldüyü məzənnə ilə qaytarılması ilə bağlı borcluların ümidlərinin üzərindən xətt çəkib.

Qubad İbadoğlunun fikrincə Konstitusiya Məhkəməsinin qərarı ilə tanışlıq onu göstərir ki, müraciət edənlərin qaldırdığı maddələr üzrə araşdırma zamanı Konstitusiyanın 19-cu maddəsinin III hissəsinində "Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır" cümləsinin şərhi iqtisadi cəhətdən düzgün verilməyib:

"Bu normanın izahatı zamanı “pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi” müddəasının necə şərh olunması qərarın qəbulundə xüsusi əhəmiyyət kəsb etdiyindən müzakirələrdə iqtisadi ekspertlərin də iştirakı təmin olunmalı idi. Belə olanda ödəniş vasitəsinin hüquqi anlayışı, yəni pulun hansı hallarda ödəniş vasitəsi kimi çıxış etməsini müəyyənləşdirərkən nəzərə alınardı ki, pul özü də xüsusi növ əmtəədir. Lakin, Konstitusiya Məhkəməsinin Plenumu pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılmasını aid edib. Əslində bu siyahıya pulun tədiyyə vasitəsi kimi çıxış etməsini, onun xüsusi növ əmtəə olduğunu əsas götürüb, kreditlər üzrə hesablaşmaları da daxil etmək olardı. Buna Mülki Məcəllənin 135.1-ci maddəsinə görə, pullar və qiymətli kağızların da əşya sayılması əsas verirdi. Digər tərəfdən iqtisadi mahiyyətinə görə, pulun tədiyyə funksiyasının mənbəyini kredit və bu iqtisadi münasibət əsasında əmələ gəlmiş borc öhdəlikləri təşkil edir. Bütün bunlar nəzərə alınardısa, Konstitusiya Məhkəməsi valyuta ilə olan kreditlər üzrə hesablaşmalar zamanı manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edən qərar çıxara bilərdi. Hesab edirəm ki, bu daha dügün yanaşma olardı. Fərqli yanaşma ondan ibarət olub ki, Konstitutsiya məhkəməsi kredit hesablaşmalarında olan pulu iqtisadi çəhətdən xüsusi növ əmtəə, hüquqi baxımdan əşya kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi təvsir edib. Məhkəmə izahat verib ki, kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Hesab edirəm ki, bu səhv yanaşmadır. Çünki, bankdan götürülən pul müxtəlif valyutalara, eləcə də əmtəəyə, yenidən pula transformasiya olunaraq müxtəlif funkisiyalar yerinə yetirir, mülkiyyət isə münasibətlər prosesində formasını dəyişsə də eyni funksiyaya malik olur. Ona görə də onları funksional olaraq eyniləşdirmək düzgün deyildir. Həm də unutmayaq ki, pul əmtəəyə çevriləndən sonra mülkiyyət funksiyasını daşıya bilər. Odur ki, hesab edirəm ki, səhv iqtisadi təvsirlərə və ondan irəli gələn hüquqi nəticələrə görə, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin mahiyyətinə də düzgün qiymət verilməyib. Əslində Konstitutsiya məhkəməsi manatın yeganə ödəniş vasitəsi olmasını əsas götürüb dollarla olan kreditlərin manatla ödənilməsinə qərar çıxara və eyni zamanda bununla da milli valyutanın nüfuzunu da artıra bilərdi".

Qubad İbadoğlunun sözlərin görə, bu, həm də gündən günə artan problemli kreditlərin həllinə töhvə olardı.

"İndiki halda isə bir tərəfdən inzibati və hüquqi müdaxilələrlə problemli kreditlər qısa müddətli dövrdə azaldılsa da orta və uzunmüddətli dövrdə iqtisadi proseslərin təsiri ilə onun artacağı şübhəsizdir. Bu isə o deməkdir ki, bir müddətdən sonra xüsusilə də parnik şəraitində işləmiş bankları belə risklərdən sığortalamaq mümkün olmayacaq" - deyə iqtisadçı ekspert Qubad İbadoğlu Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG