Bakıda gənclərin etiraz aksiyası dağıdılıb

Üç nəfər gənc fəal xəsarət alıb

Martın 6-da Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarının təşkil etdiyi aksiyanı polis dağıdıb.

Bu zaman gənc fəallar Dəyanət Babayev və Cabbar Savalanlı sifət nayihəsindən xəsarət alıb.

AXCP-dən Amerikanın Səsi radiosuna bildiriblər ki, azı 17 nəfər partiya fəalı polis tərəfindən saxlanıb. “Dəyanət Babayev, Cabbar Savalanlı, Məcid Mərcanlı amansızlıqla döyülüb. "Azadlıq" qəzetinin reportyoru Ramin Dekonun fotoaparatı əlindən alınıb”.

Polis saxlananların əksəriyyətinin xəbərdarlıq edilərək azad buraxıldığını bildirib. 4 nəfər fəalın işi isə məhkəməyə göndəriləcək.

Gənclər beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınan, 2011-ci il aprelin 2-də keçirilən etiraz aksiyası zamanı həbs edilmiş AXCP fəalları Məhəmməd Məcidli və Babək Həsənovun həbsxanada zorakılığa məruz qalmasına da etiraz edib. Belə ki, Məhəmməd Məcidli və Babək Həsənov bu il martın 4-də 16 saylı Cəzaçəkmə Müəssisəsindən köçürülüblər. Yerli media onların fiziki zorakılığa məruz qaldığını yazır.