Accessibility links

Bir qrup müxalifət fəalının məhkəməsi başlayıb


Bir qrup müxalifət fəalının məhkəməsi başlayıb
Bir qrup müxalifət fəalının məhkəməsi başlayıb

Müttəhimlər kürsüsündə gənc fəallar Ülvi Quliyev (bitərəf), Elnur Məcidli (AXCP gənclər şöbəsinin üzvü), Rüfət Hacıbəyli (Müsavat Partiyasının fəalı) və Əhəd Məmmədli (Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini) əyləşib.

Bu gün Nəsimi Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı həbs olunmuş dörd fəalın məhkəməsi başlayıb.

Turan agentliyinin məlumatına görə, müttəhimlər kürsüsündə gənc fəallar Ülvi Quliyev (bitərəf), Elnur Məcidli (AXCP gənclər şöbəsinin üzvü), Rüfət Hacıbəyli (Müsavat Partiyasının fəalı) və Əhəd Məmmədli (Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini) əyləşib. Ü.Quliyev və Ə.Məmmədli Cinayət Məcəlləsinin 233 (ictimai asayişin pozulması) və 315.1 (polisə müqavimətin göstərilməsi) maddələri ilə ittiham olunur. E.Məcidli və R.Hacıbəyli 233-cü maddə ilə ittiham olunur.

AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər məhkəmə zalına buraxılsa da, İctimai Palatanın digər üzvləri, eləcə də jurnalistlər zala buraxılmayıb. Məhkəmə binasının ətrafına müttəhimləri dəstəkləyən çoxsaylı insan toplaşıb.

Vəkil Yalçın İmanov bildirib ki, əlavə şahidlərin çağırılması və bəzi sübutların siyahıdan çıxarılması ilə bağlı vəsatətlər qaldırıb. Hakim vəsatətləri təmin etməyib. Digər vəkil Elçin Namazov R.Hacıbəylinin zaminə buraxılması barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb. İttihamnamə oxunduqdan sonra müttəhimlər Quliyev və Hacıbəyli ittihamın mahiyyətinin aydın olmadığını bildirib. Lakin hakim ittihamın mahiyyətini açıqlamaqdan imtina edib. İclasda zərərçəkənlər, o cümlədən iki polis iştirak edib. Bundan əlavə, müttəhimlərə qarşı maddi zərərin vurulması ilə bağlı üç mülki iddia qaldırılıb.

İsa Qəmbər və Əli Kərimli jurnalistlərlə söhbətdə ittihamların uydurma olduğunu bildirib. İctimai Palatanın 2 aprel mitinqi demokratik islahatlar tələbi ilə keçirilib. Lakin polis mitinqi dağıdıb və bunu aksiyanın şəhər hakimiyyəti ilə razılaşdırılmaması ilə izah edib.

Məhkəmənin növbəti iclas avqustun 16-na təyin olunub.

XS
SM
MD
LG