Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə regional konfransı açılıb

Forumda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişafı sahəsində region üçün prioritetlər müəyyənləşdiriləcək.

Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası işə başlayıb.
Forumda FAO-nun Avropa və Mərkəzi Asiya Regionuna daxil olan 53 üzv ölkədən yüksək səviyyəli rəsmilər iştirak edir.

Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyanın gündəliyinə təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün 2012-2013-cü illər üzrə iş proqramı, büdcənin müzakirəsi, həmçinin torpaq və gender bərabərliyi məsələləri daxildir. Forumda eyni zamanda kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetlər müəyyənləşdiriləcək.
Regional Konfrans çərçivəsində “Regionda ərzaq təhlükəsizliyi üzrə siyasətlər, bu sahədə perspektivlər və çətinliklər - 2050-ci ildə ərzağın vəziyyəti” mövzusunda kənd təsəsrrüfatı nazirlərinin dəyirmi masası keçiriləcək.