Baş prokuror və daxili işlər naziri Rafiq Tağının qətli ilə bağlı əməliyyat müşavirəsi keçirib

Baş prokuror və daxili işlər naziri Rafiq Tağının qətli ilə bağlı əməliyyat müşavirəsi keçirib

Yazıçı 2011-ci il noyabrın 10-da “İran və qloballaşmanın qaçılmazlığı” adlı məqaləni çap etdirib. Onun qətli ayətullah Fazil Lənkəraninin oğlu tərəfindən alqışlanıb.

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi Rafiq Tağının (Tağıyev) qətli ilə bağlı birgə məlumat yayıb.
Məlumatda deyilir ki, 2012-ci il fevralın 1-də Azərbaycan Respublikasının Baş prokuroru və daxili işlər naziri yazıçı-publisist Rafiq Tağıyevin qətli ilə bağlı növbəti əməliyyat müşavirəsi keçirib və istintaq-əməliyyat qrupunun hesabatını dinləyib. Qeyd olunub ki, ötən müşavirədə qrupun qarşısında qoyulmuş vəzifələrin və tapşırıqların icrası tam təmin edilərək cinayət işi üzrə çoxsaylı müayinə, baxış, götürmə, eksperiment və başqa istintaq-əməliyyat tədbirləri aparılıb, zərərçəkmiş və şahid qismində 130-dan artıq şəxs dindirilib, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq rəylər əldə edilib.
Fakt üzrə Rafiq Tağıyevin həyat yoldaşı Nailə Tağıyeva onun hüquqi varisi qismində tanınaraq 2011-ci il dekabrın 16-da ifadəsi alınıb, eləcə də fərdi qaydada fəaliyyət göstərən nümayəndəsi vəkil Elçin Sadıqovun istintaq qarşısında qaldırdığı vəsatətlərə baxılıb müvafiq prosessual qərarlar qəbul edilib.
İstintaqın hazırki mərhələsində Rafiq Tağıyevi Kliniki Tibbi Mərkəzə gətirmiş Təcili Yardım Stansiyası həkimlərinin, müalicəsi ilə məşğul olmuş tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkar edilməyib. Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, ölümün səbəbi zərərçəkmişin bədəninə bıçaqla yetirilən xəsarətlər olub. Rafiq Tağıyevin cərrahiyyə əməliyyatı və aldığı müalicənin tibbi metodikaya uyğunluğuna dair suallar üzrə Məhkəmə-Tibbi Ekspertizanın tədqiqatları davam etdirilir.
Bununla bərabər, hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili də aparılıb. Müəyyən edilib ki, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməyib ki, bunun da səbəbi obyekt sahibləri arasında münaqişəli vəziyyətdən yaranmış fasilə və texniki nasazlıqlar ilə əlaqədardır.
Baş prokuror və daxili işlər naziri Rafiq Tağıyevin peşə və yaradıcılıq sahəsində fəaliyyətinin, şəxsiyyətini səciyyələndirən xüsusatların hərtərəfli təhlil olunması, cinayətin törədilməsi ilə bağlı irəli sürülən bütün fərziyyələrin ətraflı, intensiv və dəqiq yoxlanılması üçün əlavə tapşırıqlar verib. Eyni zamanda, istintaq-əməliyyat qrupunun diqqətini müsbət nəticələr verə biləcək bir sıra digər perspektivli fərziyyələrin araşdırılmasına yönəldiblər.
Cinayətin açılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Yazıçı Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb. O Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub və noyabrın 23-də qəflətən vəfat edib.
Rafiq Tağı “Avropa və biz” publisistik yazısına görə 2006-cı ildə həbs edilib və İranlı ayətullah Fazil Lənkərani tərəfindən ölümünə fətva verilib. Yazıçı bir neçə ay həbsdən sonra Azərbaycan prezidenti tərəfindən əfv edilib. O, 2011-ci il noyabrın 10-da “İran və qloballaşmanın qaçılmazlığı” adlı məqaləni çap etdirib. Bundan sonra bıçaqlanıb. Rafiq Tağının qətli ayətullah Fazil Lənkəraninin oğlu tərəfindən alqışlanıb.