Azərbaycanda İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin saxlandığı bildirilir (yeni həbslər, yenilənib)

Azərbaycanda İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin saxlandığı bildirilir (yeni həbslər, yenilənib)

Yerli mətbuatın yazdığına görə, son günlər Azərbaycanda İran xüsusi xidmət orqanları ilə əlaqəli olan ondan çox adam saxlanıb.

Yerli mətbuatın yazdığına görə, son günlər Azərbaycanda İran xüsusi xidmət orqanları ilə əlaqəli olan ondan çox adam saxlanıb.
Saxlanılanların qohumları Turan Agentliyinə bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları Bakının Binə kənd məscidinin axundu, İranda uzun müddət dini təhsil almış Hacı İlhamı həbs edib. Yaxınlarının sözlərinə görə, saxlanılan zaman ona bildirilib ki, qısa zaman ərzində izahat alınaraq sərbəst buraxılacaq, lakin indiyədək buraxılmayıb.
Agentlik həmçinin bildirir ki, Bakının Nardaran qəsəbəsində də həbslər baş verib. Ötən gecə İslam Partiyasının Baş Məclisinin üzvü Natiq Kərimovun qardaşı Niyazi Kərimov saxlanıb. Son üç gündə Nardaranda həbs olunanların ümumi sayı 15 nəfəri ötüb.
Agentlik qeyd edir ki, heç kim onların nədə ittiham olunduğunu və kim tərəfindən həbs edildiyini bilmir. Belə ki, özlərini MTN-in əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər həbs olunanların evlərində axtarış aparır. Lakin, nazirliyin mətbuat xidməti bununla bağlı heç bir şərh və rəsmi açıqlama verməyib.
Eyni zamanda, fevralın 18-də məlumatın dəqiqləşdirilməsi məqsədi ilə Amerikanın Səsinin müxbiri də dəfələrlə MTN İctimaiyyətlə Əlaqələr Mərkəzinə zəng edib, lakin telefon zənglərinə cavab verən olmayıb.
Turanın məlumatına görə, islamçıların həbs dairəsi Abşeron yarımadasından ölkənin digər regionlarına kimi genişlənir. Belə ki, Cəlilabad və Gəncədə də islamçıların həbsi barədə məlumatlar daxil olur. Ölkənin digər güc qurumları da bu həbsləri şərh etmir. Lakin güman etmək olar ki, hakimiyyət iranpərəst qüvvələrin və İran agenturasının neytrallaşdırılmasına başlayıb. Belə ki, İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda onların fəaliyyəti canlana bilər.
Xatırladaq ki, həbslər son günlər İran və Azərbaycan arasında qarşılıqlı etiraz notaları fonunda baş verir. Bu il yanvarın 19-da Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran xüsusi xidmət orqanları tərəfindən Bakıdakı yəhudi məktəbinin müəllimlərini öldürmək üçün təlimatlandırılmış və silahla təmin edilmiş iki Azərbaycan vətəndaşını həbs etməsi barədə məlumat yayıb. Hər iki şəxs yerli televiziyalar vasitəsi ilə İran kəşfiyyat orqanları tərəfindən İran ərazisində təlimatlandırıldıqlarını etiraf edib. Onlar terrorda istifadə ediləcək və qabaqcadan Azərbaycan ərazisinə gətirilərək gizlədilmiş silah və sursatın yerini göstərib.
Bundan bir qədər sonra İran xarici işlər nazirliyi nüvə alimlərini öldürdüklərini iddia etdiyi İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentlərinin Azərbaycan ərazisi vasitəsi ilə İsrailə qayıtdığını bildirən etiraz notası verib. İranın notası Azərbaycan tərəfindən kəskin tənqidlə qarşılanıb və İran kəşfiyyat orqanlarının Azərbaycanda fəaliyyəti ilə bağlı Azərbaycanın rəsmi Tehrana notasına adekvat kimi qiymətləndirilib. “İranın absurd xarakterli notası yalan, iftira və böhtandır”, - deyə Azərbaycan xarici işlər nazirliyinin mətbuat katibi qeyd edib.
Son məlumatlara görə, İran televiziyasının Bakıdakı müxbiri, Azərbaycan vətəndaşı Anar Bayramlı ötən gün Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun qardaşı Eldar Bayramlı Turana bildirib ki, son 20 gündə jurnalisti dəfələrlə polis bölməsinə çağırıblar. “Dünən axşam saat 18:00-a yaxın 5 polis əməkdaşı evə gələrək Anarı aparıb. Onlar saxlama haqqında heç bir sənəd təqdim etməyiblər”, - Eldar Bayramlı deyib.
Polislər saxlanmanın səbəbləri barədə onun qohumlarına məlumat verməyib. “Biz Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdik, oradan da cavab almadıq. Yalnız, üçüncü zəngdən sonra bildirdilər ki, Anar qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur və onun üzərindən 4 qram heroin aşkar edilib”, - Eldar Bayramlı Turan-a vurğulayıb. Qardaşı əmindir ki, A.Bayramlının üzərində narkotik maddə olmayıb.
31 yaşlı A.Bayramlı 5 ildir İran televeziyasında çalışır. O, “Səhər” peyk telekanalı da daxil olmaqla, müxtəlif teleradio qurumlarına reportajlar hazırlayıb.
Dünən Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov da saxlanıb. Saxlanmanın səbəbləri barədə məlumat yoxdur.
Telekanalın Bakı nümayəndəliyindən Turana baş verənlərdən təəccübləndiklərini bildiriblər və saxlanmanın səbəbləri barədə məlumatın olmadığını deyiblər.
Öz növbəsində, İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib ki, səfirlik televiziyanın nümayəndəliyinin əməkdaşlarının qanunazidd əməllərə yol vermələri barədə ittihamları qəbul etmir.
Cənab İsgəndərinin fikrincə, saxlanılan şəxslər, vicdanlı, düzgün adamlardır və öz işlərində peşəkardır. O hesab edir ki, İran televiziyasının əməkdaşlarının saxlanması ikitərəfli münasibətlərə zərər vurulmasına yönəlib. “Son vaxtlar bəzi Azərbaycan KİV-də İran ətrafında beynəlxalq vəziyyət barədə yalnız mənfi fikir formalaşdıran məlumatlar yayılır”.
Şənbə günü Nardaranda dindarların həbsi davam edib. Saat 14:00-da yerli aptekdə işləyən Abülfəz Heybətov saxlanıb. O, həm də “İslam həqiqətləri” qəzetində Azərbaycanda islamın boğulması siyasətini tənqid edən məqalələr dərc etdirirmiş.