Azərbaycanda insan hüquqları pozuntuları Eurovision 2012-ni təhlükə qarşısında qoya bilər

  • Amerikanın səsi
Eurovision 2012-ni 42 ölkədə 125 milyon insanın izləyəcəyi gözlənilir. Azərbaycanın insan hüquqları göstəricisi, ifadə, toplaşma və media azadlıqları sahəsindəki nöqsanları, jurnalistlərin, nümayişçilərin həbsi Eurovison 2012-nin boykot edilməsi çağırışlarına səbəb olub.

Beynəlxalq hüquq müdafiə təşkilatlarının son aylarda Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar xəbərləri və hesabatları Eurovision 2012-ə ev sahibliyi edəcək ölkənin yalnız mənfi cəhətləri ilə tanıdılmasına kömək edir. Hüquq müdafiə təşkilatlarının beynəlxalq mediada öz əksini tapan bəyanatlarında da hətta Eurovision 2012-nin keçiriləcəyi zalın tikintisi üçün belə evləri müsadirə edilən insanlarla haqsız davranıldığı qeyd edilir.

Yerli müstəqil media bəzi ailələrin evlərinin gecə vaxtı uçurulduğu və bəzi hallarda məhkəmə qərarlarına belə riayət edilmədiyi, mülk sahiblərinə ödənməsi nəzərdə tutulan miqdarların bazar qiymətlərindən çox aşağı olduğu yazılır.

Şənbə günü Britaniyanın The Guardian qəzetinin internet saytında Azerbaycanda keçirilməsi nəzərdə tutulan Eurovision 2012 barədə yazılıb ki, “bu ölkənin insan hüquqları barədə mənfi göstəriciləri və müxaliflərə divan tutmasını nəzərə alaraq builki Eurovision manhı müsabiqəsinin boykot edilməsi barədə çağırışlar getdikçə artır”. Məqalənin başlığında isə deyilir ki, "İnsan hüquqlarının pozulması hadisələri Azərbaycanda keçiriləcək Eurovision mahnı müsabiqəsinin boykot edilməsi çağırışlarına səbəb oldu".

Qəzetin yazdığına görə, Amnesty International 11 aydır həbsdə olan Azərbaycanlı jurnalist Tural Abbaslının azadlığa buraxılmasına çağırıb. O keçən ilin yazında Ərəb Baharından ilhamlanaraq keçirilən nümayişlərdə iştirak etmişdi. Nümayişlər zamanı tutulanlardan ikisi buraxılsa da, Tural Abbaslı ilə bərabər 15 nəfər hələ də həbsdədir. The Guardian əlavə edir ki, çox az müxalif səsə güzəştə gedilən bu ölkədə may ayında Eurovision mahnı müsabiqəsi keçiriləcək.

Qəzetdə əlavə olunur ki, Amnesty Azərbaycanda ifadə azadlığı barədə çox ağır məhdudiyyətlərin mövcudluğunu sənədləşdirib və bildirib ki, jurnalistlərin və fəalların bu ölkədə fəaliyyət göstərdikləri müddətdə hədə-qorxu, sıxıştırma və ədalətsiz şəkildə nəzarət altına alınmaları adi hadisəyə çevrilib. Amnesti Azərbaycanı Eurovisiondan əvvəl insan hüquqları rekordunu yaxşılaşdırmağa çağırıb.

Əl-Cəzirə telekanalının saytında bazar ertəsi yayılan məqalədə Azərbaycanda Eurovisionu boykot çağırışları başlığı ilə bir məqalə dərc edilib. Məqalədə yazılır ki, Azərbaycanın insan hüquqları rekordunun yaxşı olmaması və ölkədə müxalifətin susdurulmasına görə bu il həmin ölkədə keçiriləcək Eurovision mahnı müsabiqəsinin boykot edilməsi üçün çağırışlar başlayıb. Məqalədə Amnesty Internationalın son hesabatına istinadən müxalifətin, yürüş və nümayişlərinə icazə verilməməsi, jurnalistlərin həbs olunması xatırladılır.

Azərbaycan isə Eurovision-un təşkilatçılarını əmin edib ki, xarici nümayəndələr ölkədə qaldıqları müddətdə azad olacaq, senzuraya məruz qalmayacaqlar. Avropa Yayım Birliyinin (AYB) nümayəndəsi The Guardiana deyib ki, “ Biz Eurovision-un qeyri-siyasi bir tədbir olduğuna inanırıq. Ancaq Eurovision dəyişiklik üçün bir katalizator rolu oynaya bilər. O ölkələri və icmaları bir yerə gətirən bir tədbirdir”.