Azərbaycanda Gürcüstan əleyhinə filmə etiraz edirlər

Azərbaycanda Gürcüstan əleyhinə filmə etiraz edirlər

Film 2008-ci ilin avqust hadisələrindən bəhs edir. O zaman Rusiya qoşunları Gürcüstan ərazisinin bir hissəsini işğal etmişdi.

Azərbaycanda bir qrup facebook istifadəçisi “Park Cinema” kinoteatrının rəhbərliyinə müraciət edərək Rusiya istehsalı olan “2008-ci ilin avqustu” filminin nümayişindən imtina etməyi xahiş ediblər.

Turan Agentliyinin məlumatına görə, film 2008-ci ilin avqust hadisələrindən bəhs edir. O zaman Rusiya qoşunları Gürcüstan ərazisinin bir hissəsini işğal etmişdi. Filmin nümayişi fevralın 21-nə təyin edilib. Lakin müraciət müəllifləri bu cür filmin Azərbaycanda nümayişini yolverilməz hesab edirlər, çünki Azərbaycan özü də Rusiyanın dəstəyi ilə erməni təcavüzünə məruz qalıb. Müəlliflərin fikrincə, film Rusiyanın Gürcüstana qarşı təcavüzünə, minlərlə gürcünün öz evlərindən didərgin düşməsinə, Rusiyanın Cənubi Qafqazda hegemonluğuna haqq qazandırır. Müraciət müəllifləri xəbərdarlıq ediblər ki, əgər kinoteatr filmin nümayişinə başlasa, filmi ictimai boykot kampaniyası keçirəcəklər. Rəsmi məlumatlara görə, Rusiya hakimiyyəti filmin istehsalına bu ölkə üçün rekord olan məbləğ - 16 mln. dollar sərf edib. Film “Birinci kanal”ınn geniş PR dəstəyini alıb. Filmin çəkilişləri 2011-ci ildə Moskvada və Gürcüstanın işğal edilmiş ərazilərində - Abxaziya və Samaçabloda (Cənubi Osetiya) aparılıb.