Accessibility links

Rusiya Gürcüstan müharibəsinin iki ili tamam oldu


İki il əvvəl Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibə post-sovet ərazisində yeni bir dondurulmuş münaqişəyə səbəb oldu

Müharibənin ikinci ildönümü ərəfəsində Rusiya prezidenti Dmitri Medvedyev Moskvada jurnalistlərə açıqlamasında deyib ki, Mixail Saakaşvili Gürcüstanın prezidenti olduğu müddət ərzində rəsmi Tbilisi ilə normal münasibətlər qurmaq mümkün deyil.

Tbilisidə isə Gürcüstan prezidenti hərbi qəbiristanlıqda əsgərlər önündə bildirib ki, Rusiya düşməndir və onun hökumətinin hakimiyyətdə qalması köhnə imperiyaların və imperialist təsir sferasının dağılması prosesinin tərkib hissəsidir.

850 adamın ölümünə, 35 000 insanın evlərindən didərgin düşməsinə səbəb olan müharibədən sonra çox az irəliləyiş əldə olunub. Mart ayında Gürcüstanla Rusiya arasında yalnız bir sərhəd keçidi açılıb. İki ölkənin paytaxtı arasında nadir çarter uçuşları həyata keçirilir.

Gənc gürcülər artan şəkildə rus dilində danışmamağa başlayıb. İki əsrlik yaxın əlaqələrin kəsilməsindən sonra Gürcüstanda hazırkı nəsil Moskva və Sankt-Peterburqdan çox London və Parisə üz tutublar.

Moskvanın Karnegi Mərkəzinin Qafqaz-Mərkəzi Asiya məsələləri üzrə eksperti Aleksey Malaşenko deyir ki, Rusiya müharibəni udsa da, diplomatik sülhə nail ola bilmədi. Rusiyadan başqa keçmiş Sovet ölkələrindən heç biri Gürcüstanın separatçı regionları olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb: “Post sovet sərhədlərinin dəyişməsinə qarşı narahatlığı əks etdirən bu reaksiya Rusiyanın da həmin məkanda liderlik rolunu şübhə altına aldı”.

Gürcüstan tərəfində prezident Mixail Saakaşvili iki il əvvəlki məğlubiyyətdən sonra hakimiyyətdə qalmağı bacardı. Müxalifətin əsas etiraz dalğası uğursuzluğa düçar oldu. İki ay əvvəl onun partiyası Tbilisi də daxil olmaqla, ölkə boyu mer seçkilərində qalib gəldi.

Gürcüstan prezidenti təcrid olunmuş vəziyyətdən çıxaraq bu yay rəsmi səfərlərinə yenidən başladı və Avropaya getdi. Keçən ay Tbilisidə o, 4 dövlətin xarici işlər nazirlərini qəbul etdi. Onlar arasında olan ABŞ dövlət katibi Hillari Klinton bir neçə dəfə Abxaziya və Cənubi Osetiyanın işğalından söhbət açdı.

Nikaraqua prezidenti Daniel Orteqanın bu yaxınlarda Cənubi Osetiyaya səfər edəcəyini açıqlamasına baxmayaraq, reallıq ondan ibarətdir ki, Rusiya, Nikaraqua, Venezuela və Sakit okean ölkəsi Naurudan başqa heç bir dövlət separatçı regionların müstəqilliyini tanımayıb.

Moskvada Hərbi Proqnozlar Mərkəzinin rəhbəri Anatoli Cuqanovun sözlərinə görə, Rusiya əsgərləri bu iki xalqı gürcü təcavüzündən xilas edib: “Ancaq 5 günlük müharibə zamanı Rusiya dünyanı öz xoşməramları əməllərinə inandıra bilmədi”

Qarşıda Kremlin təqvimində isə xüsusi qeyd olunan gün 2014-cü ilin fevralıdır. Həmin tarixdə Rusiya Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək. Analitiklər təxmin edir ki, o vaxtadək Rusiya Gürcüstanla sülh əldə etməyə çalışacaq.

Ancaq faktiki olaraq ortalıqda sülh üçün heç bir zəmin yoxdur. Rusiyanın dövlət nəzarətində olan mətbuatı gürcü liderini və onun hökumətini hörmətdən salmağa davam edir.

Televiziya jurnalisti və Rusiyanın rəsmi İctimai Şurasının üzvü Maksim Şevçenko: “Bizim Gürcüstanla problemimiz yoxdur. Problemimiz Saakaşvili ilədir. Biz onu rus sülhməramlılarının ölümünə bais olan müharibə cinayətkarı kimi görürük”.

Gürcüstan parlamenti iki həftə əvvəl 25 fevralın Sovet ordusunun Gürcüstanı işğal etməsi günü kimi qeyd edilməsini təsdiqləyib. Gələn ay yeni tədris ilinə başlayacaq gürcü şagirdlər isə Rusiyanın Gürcüstanı 200 illik işğalını təcəssüm etdirən yeni tarix kitablarını oxuyacaqlar.

XS
SM
MD
LG