Azərbaycan və İran media sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İran media sahəsində əməkdaşlığı müzakirə edib

İran rəsmisi deyib ki, İran və Azərbaycanın mediası Qərb KİV-nin inhisarını dağıtmaq üçün əməkdaşlığı genişləndirə bilər.

Bazar günü İranın mədəniyyət nazirinin müavini Cəfər Əhəmmədzadə Tehranda səfərdə olan Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ilə görüşüb.

Turan Agentliyinin məlumatına görə, danışıqlar zamanı Tehran nümayəndəsi iki ölkə KİV-i arasında əməkdaşlığı genişləndirməyə çağırıb. “İran və Azərbaycanın kütləvi informasiya vasitələri Qərb KİV-nin inhisarını dağıtmaq üçün əməkdaşlığı genişləndirə bilər”, - nazir müavini vurğulayıb.

O, Tehranda və Bakıda iki ölkə KİV-nin sərgisinin keçirilməsini təklif edib.

Öz növbəsində, Əli Həsənov bildirib ki, ölkəsi İranla əlaqələrin genişləndirilməsində maraqlıdır. O həmçinin qeyd edib ki, İran-Azərbaycan münasibətlərindəki bəzi problemlər düşmən KİV-də dərc edilən yazılardan qaynaqlanıb. Lakin o, bunun hansı KİV olduğunu, söhbətin hansı yazılardan getdiyini dəqiqləşdirməyib.