İnsan haqlarının olmadığı ölkə - Azərbaycan

Azərbaycanlı hüquq müdafiəçiləri Günay İsmayılova və Samir Kazımlı Nyu York Tayms qəzetində məqalədə ölkədə insan haqlarının durumunun pisləşdiyini qeyd edib.

“İki il bundan əvvəl Avropada hüquq müdafiəçiləri Eurovision mahnı müsabiqəsinin ölkədə keçirilməsinin Azərbaycanın getdikcə daha da qeyri-tolerant rejiminin gücləndirilməsinə dair narahatlıqlarını bildirmişdi. İndi bu narahatlıqlar öz təsdiqini tapıb. Elə son ildə biz insan haqları müdafiəçilərinin uydurma ittihamlarla silsilə həbslərinin şahidi olduq”- deyə qəzetin rəylər bölməsində çap edilən məqalədə deyilir.

"Elə son ildə biz insan haqları müdafiəçilərinin uydurma ittihamlarla silsilə həbslərinin şahidi olduq.”-Nyu York Tayms

Günay İsmayılova və Samir Kazımlı Avropa Şurasının həftə sonu Avropada İnsan Haqları Konvensiyasının Bakıda keçirilməsini narahatlıqla qarşıladıqlarını bildiriblər. “Bu seçimin düzgün olmasını yalnız bir səbəblə izah etmək olar: Bu, Azərbaycanın əlifba sırasl ilə Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar ola bilər. Bütün başqa hallarda bu, heç bir məntiqə sığmır”-deyə məqalədə bildirilir.

Müəlliflər ölkədə onsuz da az sayda olan müstəqil qeyri-hökumət təşkilatlarının liderlərinin saxta ittihamlarla həbsdə olduğunu yazıb. Onlar Bakıda Sülh və Demokratiya İnstitutunun təsisçi direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, hüquqşünas və insan haqları müdafiəçisi İntiqam Əliyev, gənc demokratiya tərəfdarı fəal Rəsul Cəfərovun həbs edilənlər arasında olduğunu qeyd edib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova

Məqalədə Azərbaycanda jurnalistlərin sistematik şəkildə təqiblərə məruz qaldığı bildirilir. “Keçən ay araşdırmaçı jurnalist və korrupsiya əleyhdarı Xədicə İsmayılovaya qarşı Strasburqda Avropa Şurasının Parlament Assambleyasında çıxışından sonra cinayət işi açılıb. O, artıq həbsdə olan onlarla jurnalist və bloggerə qoşulmaq riski qarşısındadır”-deyə məqalədə yazılıb.

Avropa Şurasının Vatslav Havel adına İnsan Haqları mükafatına layiq görülmüş Anar Məmmədlini qeyd edən müəlliflər onun seçkilərin monitorinqi və demokratik hüquqlar sahəsində fəaliyyətinə görə beş il yarım həbs cəzasına məhkum edildiyini xüsusi vurğulayıb.

Arif və Leyla Yunus

Məqalədə deyilir ki, Avropa Məhkəməsi bu yaxınlarda Azərbaycanı polis tərəfindən işgəncə və qəddar rəftar, siyasi opponentlərin saxlanması, jurnalistlərin həbsi, seçkilərə müdaxilə və legitim vətəndaş cəmiyyəti qruplarının qeydiyyata alınmaması kimi insan haqları sahəsində ciddi pozuntularla əlaqədar cavabdehliyə çağırıb.

“Avropa İnsan Haqları Konvensiyasının prinsiplərinə əməl etmək əvəzinə Azərbaycan tənqidçiləri susdurmaq üçün qanundan siyasi məqsədlə istifadə etməyə davam edir." -Nyu York Tayms

“Avropa İnsan Haqları Konvensiyasının prinsiplərinə əməl etmək əvəzinə Azərbaycan tənqidçiləri susdurmaq üçün qanundan siyasi məqsədlə istifadə etməyə davam edir. İqtisadiyyatı neft gəlirlərindən asılı olan bir çox ölkə kimi Azərbaycanın korrupsioner hakim elitası qanunun aliliyinə riayət etməkdə maraqlı deyil. Bu isə onun əvvəl-axır hakimiyyətdən düşməsinə gətirib çıxara bilər”-deyə məqalədə yazılıb.

Müəlliflər Avropa Şurasının insan haqlarına dair konfransı Azərbaycanda keçirməsini partodiya kimi qiymətləndirdiklərini deyərək, dövlət tərəfindən nəzarət edilən medianın tədbirdən hazırkı rejimin legitimliyini gücləndirmək məqsədilə istifadə edəcəyini bildirib.