Accessibility links

Xədicə İsmayılova: Həbs edəcəklər olsun, işgəncə verəcəklər olsun, öldürəcəklər yaxşı...[Video-Müsahibə]


Xədicə İsmayılova: Həbs edəcəklər olsun, işgəncə verəcəklər olsun, öldürəcəklər yaxşı...
please wait

No media source currently available

0:00 0:08:04 0:00

Xədicə İsmayılova: Həbs edəcəklər olsun, işgəncə verəcəklər olsun, öldürəcəklər yaxşı...

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində Azərbaycandan xaricə buraxılmaması, ona qarşı xüsusi ittiham qaydasında keçirilən məhkəmə prosesi, ölkədə xarici donorların qeyri hökumət təşkilatlarını maliyyələşdirməsinə imkan verilməməsi barədə danışıb.

Amerikanın Səsi: Sizi sərhəd-keçid məntəqəsindən xaricə buraxmayıblar və Baş Prokurorluq bununla bağlı məlumat yayıb. Necə qiymətləndirirsiniz?

Belə çıxır ki, sadəcə ölkədən çıxmamağımı istəyiblər.

Xədicə İsmayılova: Aeroportda sərhəd-keçid məntəqəsində mənə dedilər ki, uçuşuma qadağanı Baş Prokurorluq qoyub. Bundan sonra Baş Prokurorluğa bir məktub yazdım və soruşdum ki, məni nə əsasla ölkədən kənara buraxmırlar. Çünki mənim ölkədən xaricə çıxmamaqla bağlı hər hansı iltizam verdiyim yadıma gəlmir. Mənə də təqsirləndirilən şəxs qismində hansısa cinayət işinə cəlb olunduğum və yaxud da ölkədən çıxışıma qadağa qoyulduğu barədə hər hansı məlumat verilməyib. Məni hər hansı istintaq hərəkətinə dəvət etməyiblər. Bilmirəm niyə ölkədən çıxışıma qadağa qoyulub.

Dünən prokurorluğa məktubumu göndərdim və bundan sonra jurnalistlərin sorğusuna cavab olaraq Baş Prokurorluğun sözçüsü bildirib ki, mən hansısa cinayət işində şahid qismində cəlb olunmuşam. Mənim istintaq hərəkətlərində iştirakım vacib olduğu üçün ölkədən buraxmayıblar. Əslində bu tam qanunsuzdur. Çünki birinci getməmək barədə məndən iltizam alınmalıdır. İkincisi də mənə bir məlumat verilməlidir ki, ölkədən buraxılmıram, əgər bu qanunidirsə. Amma vəkilim ilə də məsləhətləşdim, o dedi ki, mənim ölkədən buraxılmamağımın heç bir qanuni əsası yoxdur. Eyni zamanda məni hər hansı istintaq hərəkətinə də dəvət etməyiblər. Dünən də gözlədim, yəni oktyabrın 12-də məni xarici ölkəyə buraxmadılar, oktyabrın 13-də, 14-də də gözlədim, amma prokurorluq məni heç yerə dəvət etmir. Belə çıxır ki, sadəcə ölkədən çıxmamağımı istəyiblər.

Amerikanın Səsi: Bəs, sizi xaricə buraxmamaqlarının əsl səbəbi nədir?

Strasburqda bundan öncəki tədbirdə iştirak edənlər ya həbsə alınıb, ya da ölkəni tərk etməli olub.

Xədicə İsmayılova: Mən güman edirəm ki, ümumiyyətlə son vaxtlar baş verən bu məhkəmə prosesi və sair, onların hamısının səbəbi mənim Varşavada ATƏT-in İnsan Haqları bürosunun toplantısında və Strasburqdakı fəaliyyətimdir. Əslində, biz Strasburqdakı tədbirdə deyirdik ki, Strasburqda bundan öncəki tədbirdə iştirak edənlər ya həbsə alınıb, ya da ölkəni tərk etməli olub. Güman var idi ki, mənim də başıma elə bir iş gələcək. Elə Strasburqda olarkən öyrəndik ki, məni məhkəməyə veriblər. Amma ölkədən çıxışıma qoyulan qadağa məhkəmə prosesi ilə bağlı deyil, məhkəmə tərəfindən qoyulmayıb. Bu Baş Prokurorluq tərəfindən qoyulub. Yəni, bütün məhkəməsi, agentləri, Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi hamısı yığışıblar bir yerə, koordinasiya olunmuş şəkildə Xədicə İsmayılovanı ölkədən buraxmamaq üçün tədbirlər görürlər.

Amerikanın Səsi: Amma, sizin barənizdə Binəqədi rayon Məhkəməsində böhtan və təhqir maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırılıb. Həbs olunmağınız nə qədər real ola bilər?

Mənə də xəbərdarlıq edilmişdi, zatən mən ölkəyə gələcəm və həbs ediləcəm. Mən buna baxmayaraq gəlmişəm, hazıram, bu nəticəyə də hazıram.

Xədicə İsmayılova: İttihamı irəli sürüb, məni məhkəməyə veriblər. Amma bircə dənə də sübut yoxdur. İndi prokurorluq, məhkəmə və s. yığışıb bir yerə iddiaçıya kömək edirlər ki, o sübut toplasın. Sübut da toplaya bilmirlər, çünki əslində sübut yoxdur. Hamısı bir yerdə sübutları düzəlməklə məşğuldurlar. Əslində məhkəmə də, prokurorluq da o adama kömək edir, Milli Təhlükəsizlik Nazirliyi də əlindən gələni edir. Hamısı bir yerdə yığışıblar, mənim əleyhimə sübutlar düzəltməklə məşğuldurlar. Əlbəttə, saxta sübutlarla mənə həbs cəzası verə bilərlər. İndiyə qədər həbs olunanların hansını qanunla, sübutla həbs ediblər ki, mən də gözləyim ki, mənim üçün də qanun və sübut gözləsinlər. Ona görə də əlbəttə hər şey mümkündür. Mənə də xəbərdarlıq edilmişdi, zatən mən ölkəyə gələcəm və həbs ediləcəm. Mən buna baxmayaraq gəlmişəm, hazıram, bu nəticəyə də hazıram.

Amerikanın Səsi: Bir neçə il qabaqdan sizinlə bağlı bu məsələlərə rəhbərlik edənlərə nə deyərdiniz, nə sözünüz var?

Mənə qarşı edə biləcəkləri ən pis şeyi artıq ediblər.

Xədicə İsmayılova: Əgər güman edirlərsə məni hansısa şəkildə bu addımlarla və yaxud da başqa addımlarla susdura biləcəklər, yox susdura bilməyəcəklər. Bilmirəm, bəlkə hökumət başqa cür addımlar atsa idi, mənə qarşı tədbirlərinin ardıcıllığını fərqi düşünsə idi… Mənə qarşı edə biləcəkləri ən pis şeyi artıq ediblər. Nə edə bilərlər, həbs edəcəklər olsun, işgəncə verəcəklər olsun, öldürəcəklər yaxşı, yəni mən bir adamın keçə biləcəyi ən çətin sınaqdan artıq keçmişəm.

Amerikanın Səsi: Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Azərbaycanın xarici donorlara ehtiyacının olmadığını bildirib. Xüsusi ilə hüquq siyasəti və korrupsiyaya qarşı mübarizə sahəsində xarici donorlara ehtiyacın olmadığını deyib. Münasibətiniz necədir?

Bunlar Azərbaycan deyəndə adətən Azərbaycan hökumətini, hakim partiyanı, hakim ailəni nəzərdə tuturlar. Amma Azərbaycan deyirlər.

Xədicə İsmayılova: Mənə elə gəlir ki, Azərbaycan hökumətinin nümayəndələri və Azərbaycan hökumətinin mövqeyini ifadə edən deputatlar lüğətlərinə bir balaca düzəliş etməlidirlər. Bunlar Azərbaycan deyəndə adətən Azərbaycan hökumətini, hakim partiyanı, hakim ailəni nəzərdə tuturlar. Amma Azərbaycan deyirlər. Elə çıxır ki, xalqı da nəzərdə tuturlar. Mən bu məntiqi başa düşürəm, haradan qaynaqlanır. Bu məntiq ondan qaynaqlanır ki, ölkəni öz mal-mülkləri hesab edirlər. Elə hesab edirlər ki, ölkə onlarındır və ölkə onlar deməkdir. Amma bu elə deyil, ölkə onlardan ibarət deyil. Ölkə xalqdan ibarətdir və xalq korrupsiyadan, hüquqsuzluqdan əziyyət çəkir. Əlbəttə hüquqi islahatlar da lazımdır, bu islahatların öyrənilməsi də lazımdır. İslahatların aparılmasına yardım da lazımdır. Bunlar daxili imkanlarla edilsə idi, əlbəttə xarici donorlara heç ehtiyac olmazdı. Amma daxili imkanlar nəinki bu islahatların aparılmasına, onların qarşısının alınmasına yönəlib. Daxili imkanlar ona yönəlib ki, jurnalistlər, yerli media korrupsiya əleyhinə araşdırma aparmasın. Bütün dövlət aparatı ona yönəlib ki, jurnalistlər susdurulsun, onlar iştirak etməsinlər, vətəndaş cəmiyyəti zərərsizləşdirilsin, onlar korrupsiya ilə mübarizə aparmasınlar, hüquqi islahatlar tələb etməsinlər. Üstəlik də deyirlər ki, xaricdən də yardım olmasın. Mən təklif edirəm ki, Azərbaycan hökuməti qərar versin, desin ki, biz daha Avropa istəmirik, Avropanın bir parçası olmaq istəmirik. Desinlər ki, biz ümumiyyətlə istəyirik ki, Şimali Koreya yolunu tutaq, yolumuz Şimali Koreya yoludur. Qoy Əli Hüseynli bunu açıq şəkildə desin ki, yolumuz Şimali Koreya yoludur. Biz Kim Çen İrin qarşımıza qoyduğu direktivlər əsasında Şimali Koreya yolunda davam edirik. Desinlər bunu, etiraf etsinlər, biz də bilək işimizi.

XS
SM
MD
LG